AZ

Orada mənzil qiymətləri bir gecədə arta bilər - Bakının yeni "28 MAY"ı

Məlumdur ki, Bakıda sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının optimallaşdırılması istiqamətində mühüm addımlar atılır. Yeni metro və dəmir yolu stansiyalarının tikintisi, həmçinin yeni avtobus marşrutlarının xəttə buraxılması davam etdirilir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Abşeron dairəvi dəmiryol marşrutu üzrə tikintisi davam etdirilən Dərnəgül stansiyasıdır.

Stansiyanın tikintisinə avqust ayında başlanılıb.

Day.Az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) yaydığı rəsmi məlumatda bildirmişdi ki, tikinti ilin sonuna qədər başa çatdırılacaq. Yəqin ki, dekabrın sonuna qədər stansiya tam hazır vəziyyətə gətirilər. QSC-nin məlumatına görə, layihə çərçivəsində yeni stansiyada dörd platforma və iki turniket binası inşa olunacaq. Yeni stansiyanın tikintisi Abşeron dairəvi marşrutu boyunca sərnişindaşıma imkanlarını genişləndirməyi və nəqliyyat xidmətlərinin əlçatanlığını artırmağı hədəfləyir.

Hazırda Bakıda dəmir yolu, metro və avtobus şəbəkəsinin bir nöqtədə kəsişdiyi cəmi iki qovşaq mövcuddur - "28 May" və "Koroğlu". Layihənin icrası ilə Dərnəgül də analoji nəqliyyat qovşağına çevriləcək. Bu isə 7-ci mikrorayon və ətraf əraziləri gələcəyin "28 May"ı səviyyəsinə çıxaracaq - sakinlər metroya, avtobusa və dəmir yoluna birbaşa çıxış imkanına sahib olacaqlar.

Təbii ki, bu məqam Dərnəgül metrosunun ətrafına, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində, 7-ci və 8-ci mikrorayona marağı daha da artıracaq.

Dəmir yolu stansiyası, metro və avtobus şəbəkəsinin bir məkanda toplanması ərazidə biznes qurmaq və ya genişləndirmək istəyənlər üçün daha əlverişli vəziyyət yaradacaq. Böyük market şəbəkələri, ticarət mərkəzləri, elektronika mağazaları, banklar, restoranlar və digər iaşə obyektləri ərazidə filial açacaq. Hazırda Dərnəgül metrosunun ətrafında intensiv bina tikintisi aparılır. Binaların birinci mərtəbələri isə obyekt kimi fəaliyyət göstərəcək.

Dərnəgül dəmir yolu stansiyasının açılması, ətraf ərazilərdəki daşınmaz əmlak bazarını birbaşa təsir edə bilər. Bu tip infrastruktur layihələri, xüsusilə nəqliyyatın asanlaşması və yeni infrastruktur imkanlarının yaranması ilə ev qiymətlərinin artmasına səbəb ola bilər. Amma dəqiq artım miqdarı bir neçə faktordan asılıdır.

Xüsusilə 7-ci və 8-ci mikrorayonlar hazırda sürətlə inkişaf etməkdədir. Bu səbəbdən həmin ərazilərdə əhali sayı artır. Ona görə də qiymətlərin 20%-30% arasında artacağı ehtimal edilir. Əgər tikinti və infrastrukturlar yaxşılaşarsa, artım daha da böyük ola bilər. Rusulzadə qəsəbəsi isə Dərnəgül stansiyasına nisbətən uzaq olsa da, 15%-25% artımın olacağı ehtimal olunur. 

Görünən odur ki, planlaşdırılan layihə qeyd edilən ərazilərdə evlərin qiymətini bir gecədə bahalaşdıra bilər.

Elxan Əliyev
Day.Az

Seçilən
139
day.az

1Mənbələr