AZ

Rusiya ağır iqtisadi vəziyyətlə üzləşib



Rusiya prezidenti Vladimir Putin uzun aradan sonra Hindistana səfər etdi. Bu səfər Beynəlxalq ictimaiyyət, xüsusilə, Vaşinqton, İslamabad və Pekin tərəfindən diqqətlə izlənilir. Bəs səfərin Dehli-Moskva xəttində əhəmiyyəti nədən ibarətdir? Bu sualı aydınlaşdırmağa çalışaq.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Rusiya və Hindistan arasında dövlətlərarası münasibətlər daim hər iki tərəf üçün faydalı, perspektivli konfiqurasiyaya malik olub və özünün spesifik xüsusiyyətləri ilə diqqət çəkib.

Tərəflərin əməkdaşlıq portfeli əsasən siyasi, iqtisadi və hərbi əsaslar üzərində möhkəmlənib və proses qlobal tendensiyalara uyğun davam etməkdədir.

Hindistan Rusiya neftinin əsas alıcılarından biridir və bu əməkdaşlıq Dehlini enerji, Kremli isə valyuta ilə təmin edir.

Situasiya hərbi-texniki əməkdaşlıq məsələlərində də eyni xarakterə malikdir. Hindistan silah bazarı böyük alıcılıq potensialı ilə diqqət çəkir və Rusiya bu bazarda özünəməxsus yerə sahibdir. Hindistan ordusunun silah arsenalında və müdafiə sənayesində rus imzası kifayət qədərdir. Rusiya indi Hindistana özünün son istehsal etdiyi silahları, S 500, Su 57 kimi avadanlıqları təklif edir. Eyni zamanda 400 Triumf HHM sistemlərinin yeni partiyalarının alınması da, Dehlinin marağındadır.

Pakistanla yaşanan son qarşıdurmadan sonra Qərb mənşəli, yəni, Fransa istehsalı Rafael döyüş təyyarələrinin gözləniləni verməməsi Modini yenidən Rusiyaya istiqamətləndirir. Ən azından rus silahları dörd ilə yaxındır müharibə meydanında istifadə olunur və müharibənin çağırışları fonunda modernizasiya edilir, təkmilləşdirilir. Bu faktor olduqca vacibdir. Təbii ki, indiki situasiyada Narendra Modi Rusiya və ABŞ arasında balansı qorumaq üçün çalışır. Rusiya ilə həddindən artıq yaxınlaşma Birləşmiş Ştatlarla müəyyən problemlər yarada bilər ki, bu Dehli üçün arzuolunan deyil.

Proseslər Rusiya qanadında biraz daha fərqlidir. Rusiya ağır iqtisadi vəziyyətlə üzləşib. Müharibə və sanksiyalar Kremli darboğaza salıb. Donald Tramp bir tərəfdən Rusiyaya imtiyazlar təqdim edir, digər tərəfdən isə sanksiyaları işlək vəziyyətə gətirir. O, bu məsələdə digər qərb liderləri və sələfi Baydendən fərqli olaraq real işlər görür və bunun ağır nəticələri Rusiyanın iqtisadiyyatında zəlzələ effekti yaradır. Məhz həmin sanksiyalar səbəbindən Hindistan da Rusiya neftini almağı minimuma endirib və yaxın vaxtlarda tamamilə dayandıracaq. Aydındır ki, müharibə edən bir dövlət üçün valyuta axının dayanması nə deməkdir. Bu səbədən Putin Hindistana səfər edir və dəstək umur. Lakin Dehlinin nə o imkanı, nə də o potensialı yoxdur. Ən əsası bu iki ölkənin bir-birilə sərhəd deyil. Mümkün iqtisadi əməliyyatlar da çox mürəkkəb şəraitdə həyata keçirilir. Təbii ki, burada Rusiya üçün aktullaşan Şimal-Cənub dəhlizidir. Ancaq o belə hazırki şəraitdə o qədər də diqqət çəkmir.

Pərviz Mirizadə, siyasi şərhçi
Seçilən
74
1
newscenter.az

2Mənbələr