AZ

Maskaların İflası: Mehdiyevin, Kərimlinin və Hacıbəylinin qaranlıq səhnəsi

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlərin gərgin siyasi atmosferində, Azərbaycan ictimaiyyəti uzun illərdir gizli qalmış bir pərdənin yırtıldığına şahid olur.

Bu, səhnə arxasındakı aktyorların əsas rollarını oynadıqları, lakin üzlərindəki maskaların bir-bir enməyə başladığı tarixi bir andır. Keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəyli adları ətrafında dönən hadisələr, tək bir cinayət işini yox, hakimiyyətə gəlmək naminə hər şeyə hazır bir şəbəkənin ifşasını əks etdirir.

Ramiz Mehdiyevin adı, onilliklər boyu qaranlıqlar dünyasının sultanı kimi çəkilib. Ona qarşı irəli sürülən dövlətin əsaslarını sarsıtmaq, hakimiyyəti zorla ələ keçirmə cəhdi kimi ağır ittihamlar, sadəcə bir şəxsin hekayəsi deyil.

Bu, onun rəhbərlik etdiyi, ölkənin siyasi həyatını onilliklərdir görünməz əllərlə idarə edən gizli bir təşkilatın portretidir. Bu şəbəkənin ən təhlükəli silahı nə idi? “Sistem müxalifəti” adlandırılan, xarici güc mərkəzlərinin ssenariləri əsasında fəaliyyət göstərən, lakin yerli koordinasiya ilə idarə olunan qruplaşmalar yaratmaq.

Onların məqsədi açıq idi: ictimayət düşüncəsini mənfi istiqamətə yönləndirmək, dövlətə qarşı etibarsızlıq toxumaq və gərginlik yaratmaq. Mehdiyevin məhkəməyə çıxarılması ilə bu qruplaşmaların fəallığının kəskin şəkildə zəifləməsi, kimin nəyin pərəstişkarı olduğunu aydın şəkildə göstərir.

AXCP sədri Əli Kərimlinin saxlanılması və evində aparılan axtarış zamanı aşkar edilən sarsıdıcı sənəd – Ramiz Mehdiyevin məktubunun ilkin qaralaması – bu günə qədər inkar edilə bilməyən bir həqiqəti üzə çıxardı. 

Bu, sadəcə bir kağız parçası deyil, iki qaranlıq dünya arasında uzanan görünməz körpünün sübutudur. Rəsmi olaraq bir-birinə qarşı duran iki qüvvənin zirvələri, əslində fiziki olmasa da virtual və mənən eyni masanın ətrafında oturublar.

İndi sual yaranır: Əli Kərimli uzun illər boyu kimi aldatdı? 

"Xalqın səsi", "dəyişiklik rəmzi" kimi təqdim olunan bir partiya, əslində daxili siyasi balansı saxlamaq üçün nəzarət olunan bir təzyiq qrupuna çevrilmişdi. Onların etiraz aksiyaları, şüarları, bəyanatları, əslində, ölkənin siyasi gedişatına görünməz təsir göstərmək üçün qurulmuş bir planın hissələri idi. Bu, xalqa qarşı edilən ən böyük əxlaqi xəyanətdir.

Bu üçbucağın üçüncü təpəsi, İstanbulda saxlanılan Milli Şura üzvü Gültəkin Hacıbəylidir. Onun saxlanılması və sonrakı ifadələri, bu şəbəkənin nə qədər geniş olduğunu göstərir. Hacıbəyli saxlanılandan sonra verdiyi açıqlamada, Mehdiyev işinin siyasi müxalifəti "sıradan çıxarmaq" üçün istifadə olunduğunu bildirdi.

Bu sözlər təsadüfi deyil. Onlar bu şəbəkənin üzvlərinin, öz fəaliyyətlərinin məqsədini dərk etdiklərini və təhlükə anında bir-birlərini müdafiə mexanizmlərini işə saldıqlarını göstərir.

Gültəkin Hacıbəylinin rolu, Mehdiyevin təşkilatının ictimai-siyasi sahədəki uzantılarından biri kimi qiymətləndirilə bilər. O da, xarici fondların və təşkilatların maliyyə və siyasi dəstəyi ilə, Azərbaycan daxilində sosial narazılıq otu səpməklə vəzifələndirilmişdir.

Bu üç ad – Mehdiyev, Kərimli, Hacıbəyli – eyni tənəffüs dövrünün, eyni siyasi oyunun aktyorlarıdır. Onların hekayəsi, güc, nüfuz və siyasi manipulyasiya üçün vətəndaşların etimadının necə istismar edilə biləcəklərinin aynasıdır.

Bu gün Azərbaycan, tarixi bir mərhələdədir. Görünməz olan görünür olur, eşidilməyən səslər artıq hamıya çatır. Dövlətimizin təhlükəsizlik orqanlarının bu qaranlıq şəbəkəyə qarşı cəsarətli addımları, yalnız cinayətkarları məhkəmə qarşısına çıxarmaqla yanaşı, həm də cəmiyyətimizi onilliklərdir zəhərləyən siyasi ikiüzlülük sistemini məhv etməkdir.

Bu, yalnız bir neçə şəxsin mühakiməsi deyil; bu, keçmişə, manipulyasiyaya və xəyanətə qarşı ümummilli bir davanın başlanğıcıdır. Vətəndaşlar olaraq bizim vəzifəmiz, bu tarixi anda ayıq və şüurlu olmaq, milli birlik naminə daha sıx birləşmək və Azərbaycanın gələcəyinin, qaranlıq otaqlarda deyil, işıqlı səhnələrdə qurulduğunu xatırlamaqdır.

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev

"Cebheinfo.az"

Açar sözlər:

Mehdiyevin Kərimli Hacıbəyli Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr