AZ

Azərbaycan iqtisadiyyatında dedollarlaşma: Gələcəyimiz nədən asılıdır?

Azərbaycan iqtisadiyyatında dedollarlaşma meylləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib. AMB sədri bildirib ki, 2022-ci ildən bəri Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatlar nəticəsində pul siyasətinin ötürücülük mexanizmi gücləndirilib, iqtisadiyyatda dedollarlaşma meylləri artıb: “Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayı nəticələrinə görə 28,5 faizə enib ki, bu da tarixi minimum göstəricidir. Bu dinamika həm manatla bağlı gözləntilərin müsbət olduğunu, həm də milli valyutamıza inamın gücləndiyini təsdiq edir”.

“Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin”

İqtisadçı Xalid Kərimlinin fikrincə, vətəndaşlar pullarının çox az qismini avro, dollar və digər xarici valyutalarda saxlayırlar, daha çox isə manat üstünlük verirlər: “Mərkəzi Bank dedollarlaşmanı əmanətlərin strukturu ilə müəyyənləşdirir. Yəni insanlar əmanətlərini daha çox manatla yığıb, nəinki dollarla. Səbəblərdən biri manatda gəlirin daha çox olmasıdır. Manatla əmanətdə 11-12 faiz depozit gəliri verilirsə, dollarda bu rəqəm 2,5-3,5-dir. Vətəndaş da görür ki, manatın məzənnəsi uzun müddətdir dəyişmir, sabit olaraq qalır. O səbəbdən də pul itirmək istəmir. Əgər manatla olan depozitin gəlirliliyi azalsa, yaxud dollarla eyniləşsə, o zaman insanlar əmanətlərini daha çox dollarla qoymağa çalışacaqlar. Çünki dollar daha etibarlı valyutadır”.

X.Kərimli bildirdi ki, dedollarlaşma bankların gəlirini artırmaq üçün əlverişli vəziyyətdir: “Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsin. Əmanətlərini manatla yatırsınlar ki, iqtisadiyyatda manatın payı artsın. Çünki banklar depozit olaraq götürdüyü məbləği kredit kimi verir. Banklar da kreditdən əlavə gəlir əldə edir. Dedollarlaşma maliyyə sabitliyinə də müsbət təsir göstərir. Mərkəzi Bankın rıçaqlarını, manatın rolunu artırır. İqtisadiyyat üçün müsbət prosesdir”.

Seçilən
33
publika.az

1Mənbələr