AZ

Bakının yaratdığı reallıqlar: Aİ-Cənubi Qafqaz münasibətlərində yeni səhifə 

Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqlar təkcə region ölkələrinin deyil, həm də Avropa İttifaqının (Aİ) regional siyasətinə ciddi təsir göstərib. Bakı faktoru, onun sülh gündəliyi, nəqliyyat-kommunikasiya təşəbbüsləri və enerji təhlükəsizliyində oynadığı aparıcı rol Aİ-nin Cənubi Qafqaza və Mərkəzi Asiya ilə əlaqələrinə yeni çərçivədən baxmasına səbəb olub. Artıq Brüssel öz siyasətini Bakının yaratdığı reallıqlara uyğun  olaraq bölgə ilə bağlı strategiyasına baxıb yenidən dizayn etməyə çalışır. 

Azərbaycanın regional gündəmi: dayanıqlı sülh, təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq
Cənubi Qafqazda yeni reallıq Azərbaycanın təşəbbüsü olan çoxtərəfli əməkdaşlıq, sabitlik və sülh gündəmidir. Bu xətt təkcə Bakı tərəfindən irəli sürülmür, həm də beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanır. Prezidentin köməkçisi Hikmət Hacıyevin Brüsseldə Aİ rəsmiləri ilə görüşlərdə Bakının sülh, təhlükəsizlik və əməkdaşlıq gündəmini açıq şəkildə təqdim etməsi Avropa paytaxtlarında pozitiv rezonans doğurub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT XİNŞ-in 32-ci iclasındakı bəyanatı isə regionun real vəziyyətini əks etdirir: Bakı və İrəvan hazırda son illərin ən dinc və sabit dövrünü yaşayırlar. Bu, sülh sazişinə aparan yolun artıq praktik müstəviyə keçməsi deməkdir.
Aİ-nin yeni yanaşması: Zəngəzur dəhlizi və TRIPP layihəsi masadadır
Avropa İttifaqı ilk dəfə olaraq Zəngəzur dəhlizi ilə bağlı Bakıyla rəsmi məsləhətləşmələr aparır. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos etiraf edir ki, Brüssel ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsinə mümkün qoşulmanı müzakirə edir. Aİ-nin diqqət mərkəzində olan səbəblər:
•    Orta Dəhlizin Avropanın alternativ nəqliyyat strategiyasında əsas xəttə çevrilməsi;
•    Zəngəzur dəhlizinin regiondakı logistika şaxələnməsində həlledici rol oynaması;
•    ABŞ-ın prosesdə iştirakının zəruri sayılması.

Bu, Aİ-nin Cənubi Qafqazdakı proseslərə uzun fasilədən sonra geri dönüşünün simvoludur.
Brüssel-Bakı münasibətlərinin intensivləşmə dövrü
Vyana görüşündə Ceyhun Bayramov və Aİ-nin ali nümayəndəsi Kaya Kallas arasında keçirilən müzakirələr də münasibətlərdə yeni mərhələnin konturlarını göstərir. Enerji, ticarət, nəqliyyat, bərpa olunan enerji, kommunikasiyalar, post-münaqişə dövrü və təhlükəsizlik üzrə əməkdaşlıq mexanizmləri xüsusi vurğulanıb.

Aİ Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu “strateji və etibarlı tərəfdaş” statusu ilə qiymətləndirir. Bakı həm də Avropanın bərpa olunan enerji gündəliyində aparıcı yeni oyunçuya çevrilməkdədir.

Fransanın siyasətdə radikal dönüşü: yeni münasibətlərin başlanğıcı
Bir zamanlar Cənubi Qafqazda gərginlikdən faydalanmağa çalışan, Bakıya qarşı soyuq davranan Paris bu gün siyasətini 180 dərəcə dəyişməyə məcbur olub. Prezident Emmanuel Makronun son aylarda İlham Əliyevə qarşı yumuşaldılmış siyasi mesajları və dialoqa açıq siqnalları bunun təsdiqidir.

ATƏT XİNŞ çərçivəsində Ceyhun Bayramov və Benjamin Haddad arasında görüş də Bakı–Paris münasibətlərində “yeni səhifə”nin açıldığını göstərir.
Orta Dəhliz: Aİ–Mərkəzi Asiya–Azərbaycan xəttində strateji qovşaq
Aİ Şurasının Prezidenti Antoniu Koştanın Orta Dəhliz barədə açıqlaması Brüsselin geoiqtisadi prioritetlərini aydın şəkildə ortaya qoyur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxınlaşması Trans-Xəzər marşrutunun daha geniş istifadəsi üçün tarixi imkan yaradır.
Trans-Xəzər marşrutu artıq yalnız iqtisadi layihə deyil, həm də Avropanın Çin və Mərkəzi Asiya ilə əlaqəsində yeni strateji arteriyadır. Burada Azərbaycanın rolu isə açardır.

Bakı-Berlin xətti: Almaniya Cənubi Qafqaza qayıdır

Almaniya kansleri Fridrix Mertsin Prezident İlham Əliyevə zəng etməsi və sülh prosesində Azərbaycanın rolunu alqışlaması Berlinin də Cənubi Qafqaza yeni baxışının göstəricisidir. Qarşılıqlı səfər dəvətləri münasibətlərin daha da dərinləşəcəyindən xəbər verir.
Eyni zamanda Paşinyanın Almaniyaya səfəri və orada həm ikitərəfli münasibətlərin, həm də Bakı–İrəvan sülh prosesinin müzakirəsi regionun Avropa gündəmində prioritet mövzu olduğunu təsdiqləyir.

Azərbaycanın diplomatik fəallığı Avropanın yeni Cənubi Qafqaz strategiyasını formalaşdırır
Vyanada keçirilən Azərbaycan Tədqiqatları üzrə IV Avropa Konfransı çərçivəsində Ceyhun Bayramovun çıxışı Avropanın regiona marağının artdığını bir daha təsdiqlədi. 
Bakını çoxtərəfli diplomatiyanın regional liderinə çevirib.

Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin strateji qovşağına çevrildiyi üçün Aİ-Azərbaycan münasibətləri artıq qarşılıqlı asılılıq mərhələsinə keçib.
Azərbaycanın artan gücü: Cənubi Qafqaz və Mərkəzi Asiya üçün yeni tarixi mərhələ
Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq Cənubi Qafqazda sülhün möhkəmlənməsi, regional əməkdaşlığın genişlənməsi və Avropa ilə Mərkəzi Asiya arasında qlobal əlaqələrin yenidən qurulması üçün həlledici amilə çevrilib.

Bu reallıqlar Aİ-Azərbaycan və Aİ-Cənubi Qafqaz münasibətlərinə yeni nəfəs gətirir:
•    Aİ regiona yeni strategiya ilə qayıdır,
•    Azərbaycan yeni orta güc kimi formalaşır,
•    Orta Dəhliz və Zəngəzur dəhlizi Avropanın geoiqtisadi xəttini dəyişir,
•    Türk dünyası, Cənubi Qafqaz və Mərkəzi Asiya geniş inteqrasiya imkanları əldə edir.
Bu proseslər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun qlobal siyasi-iqtisadi sistemdə rolunu yüksəldən yeni tarixi mərhələnin başlanğıcıdır.

Mürtəza

Seçilən
30
1
olke.az

2Mənbələr