Türkiyənin sənaye və mühəndislik sahəsində öncül adlarından biri olan “Çukurova Makina İmalat ve Ticaret A.Ş.”, artıq onilliklərdir istehsal sənayesində güclü təcrübəyə malikdir. Şirkətin alt qurumu olan “Çukurova Defence”, müdafiə sənayesi üçün hazırladığı mühəndis texnikaları və zirehli quru vasitələri ilə son illərdə həm Türkiyədə, həm də beynəlxalq arenada adından söz etdirib.
Yerli texnologiya ilə hazırlanmış çoxfunksiyalı şassilər, yüksək qoruma səviyyəsinə malik zirehli bekoloderlər və uzaqdan idarəetmə sistemləri sayəsində “Çukurova Defence” quru müdafiə vasitələri seqmentində yeni texnoloji mərhələyə keçidi təmin edib.
“Poliqon” jurnalı “Çukurova Makina İmalat ve Ticaret A.Ş.” şirkətinin baş direktor müavini Hüseyin Darıcı ilə söhbətləşərək şirkətin son yenilikləri, gələcək texnoloji istiqamətləri və Azərbaycanla əməkdaşlıq perspektivləri barədə danışıb.
– Hüseyin bəy, “Çukurova Defence” şirkəti son zamanlarda müdafiə sənayesi üçün hansı yeni texnologiya və məhsulları inkişaf etdirib?
– Texnologiyanın dayanması kimi bir anlayış yoxdur, biz daim inkişaf prosesindəyik. Ən son layihələrimizdən biri 2 kilometr məsafədən maşınlarımızın idarə olunmasını təmin edən uzaqdan idarəetmə sistemidir. Bundan başqa, 10 ton yüklü xüsusi şassi hazırlamışıq. Bu, tamamilə yerli texnologiyaya əsaslanır. Hazırda inkişaf və test mərhələlərini həyata keçiririk.
Paralel olaraq, 7,5 tonluq yeni bir layihə üzərində çalışırıq və onu gələn ilə qədər istifadəyə verməyi planlaşdırırıq. Bu kateqoriya, yəni 7,5–8 tonluq şassilər Azərbaycanla da əvvəllər müzakirə etdiyimiz layihələrdən biridir. Daha yüksək seqmentdə isə 16 tonluq şassi hazırlamışıq və müştərilərimiz bu platforma üzərində MRAP tipli vasitələr inşa edirlər.
Bəlkə fürsət yaransa, Azərbaycanda da müvafiq nazirliklərin nəzarəti ilə bu MRAP şassiləri əsasında yerli istehsal həyata keçirilə bilər. Biz hər zaman Azərbaycanla qardaş ölkə kimi əməkdaşlıq etməyə və bütün təcrübəmizi bölüşməyə hazırıq.
– “Çukurova Defence”nin yeni məhsul inkişafındakı əsas trendləri nələrdir və bu texnologiyalar hansı üstünlükləri təqdim edir?
– Yeni trendlərə baxdıqda, kosmos və aviasiya sahələri önə çıxsa da, bizim əsas vəzifəmiz quru vasitələri üzərindədir. Hazırda üzərində çalışdığımız ən mühüm məhsul sürətli zirehli bekoloderdir.
Bu vasitənin mühüm texnoloji yeniliklərindən biri – qeyd etdiyim uzaqdan idarəetmə sistemidir. Bundan başqa, 80 km/saat sürətlə hərəkət edə bilməsi üçün xüsusi hidropnevmatik asqı sistemi (midroponomatik süspansiyon) hazırlamışıq. Bu sistem avtomobil və iş texnikasının biliklərinin sintezi ilə formalaşdırılıb və artıq patent mərhələsindədir.
Məhsul baxımından inkişaf etdirdiyimiz ən son və ən perspektivli nümunə məhz bu sürətli zirehli bekoloderdir. Hazırda artıq sifarişlər almışıq, istehsal və təhvil prosesi gedir.
– Süni intellekt və avtonomiya texnologiyaları istiqamətində “Çukurova Defence” hansı işlər aparır?
– Süni intellekt bu gün daha çox digər müdafiə sahələrində istifadə olunsa da, biz də bu istiqamətdə addımlar atırıq. Hazırda birinci mərhələdə operator olmadan uzaqdan idarəetmə funksiyasını təmin etmişik.
Bu sistemlərə süni intellekt və tam avtonom idarəetmə əlavə etmək mümkündür. Texniki potensialımız buna imkan verir. Hətta bu istiqamətdə yarı avtonom idarəetmə funksiyalarını artıq hazırlamışıq. Hazırda bazarda bu cür sistemlərə geniş tələbat olmasa da, gələcəkdə bu imkanların istifadəyə veriləcəyi qaçılmazdır.
– “Çukurova Defence” gələcəkdə hansı sahələrdə texnoloji yeniliklərə fokuslanmağı planlaşdırır?
– Hal-hazırda əsas diqqətimiz quru müdafiə vasitələri üzərindədir. Türkiyədə aviasiya sektoru çox inkişaf edib, lakin unutmamalıyıq ki, “əsgərin ayağının dəymədiyi yer işğal edilmiş ola bilməz”. Buna görə əsgərlərin təhlükəsiz daşınması və qorunması üçün quru vasitələrinin inkişafı strateji əhəmiyyət daşıyır.
Bizim məhsul xəttimizdə sürətli zirehli bekoloder, zirehli yükləyici, zirehli bekoloder və modul şassi platformaları yer alır. Bu şassilər üzərində həm zirehli personal daşıyıcı, həm də MRAP tipli vasitələr inşa edilə bilər.
Gələcəkdə isə məqsədimiz tam avtonom şassilərin və iş maşınlarının hazırlanmasıdır. Beləcə, əsgərlər riskli ərazilərə girmədən əməliyyat aparmaq imkanı əldə edəcəklər.
– IDEF-2025 sərgisində “Çukurova Defence”in təqdim etdiyi əsas məhsullar hansılardır və onların müdafiə sektoruna töhfəsi nədən ibarətdir?– IDEF sərgisində dörd əsas məhsulumuzu təqdim etdik:
10 tonluq hərəkətli şassi – 8–10 əsgər, bir komandir və sürücü üçün nəzərdə tutulan zirehli personal daşıyıcı bazası.
14 tonluq platforma – 10–12 nəfərlik daşıma qabiliyyətinə malik və ən çox satılan modelimizdir.
16 tonluq şassi – mina qoruma səviyyəsinə görə MRAP sinfinə daxildir.
Sürətli zirehli bekoloder – BR7 qoruma səviyyəsi, 2A/2B mina müqaviməti və 80 km/saat sürətlə hərəkət qabiliyyəti ilə öz sinfində unikal məhsuldur.
Bu vasitə 2 km məsafədən uzaqdan idarə edilə bilir və həm operatorla, həm də pilotsuz rejimdə işləyə bilir. Bu, müasir döyüş və təhlükəsizlik əməliyyatları üçün çox yönlü bir həll təqdim edir.
Azərbaycanla da əvvəllər bu istiqamətdə layihə müzakirələri olmuşdu. Hər zaman bu əməkdaşlığı yenidən canlandırmağa və layihələri birgə həyata keçirməyə açığıq.
– “Çukurova” şirkətinin ixrac fəaliyyəti və əsas bazarları barədə nə deyə bilərsiniz?
– Detalları açıqlamaq çətindir, çünki gizlilik müqavilələrimiz mövcuddur. Amma dost və müttəfiq ölkələrə məhsul ixrac edirik. Xüsusilə şassi və bekoloderlərə tələbat yüksəkdir.
– Azərbaycanla “Çukurova” arasındakı əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
– Hazırda əməkdaşlıq tam potensialına çatmasa da, biz gələcək üçün ümidliyik. Azərbaycanda çox insanla tanış olduq, müəssisələri ziyarət etdik və texniki imkanları gördük.
Əgər burada yerli müdafiə vasitələrinin istehsalı istiqamətində qərar qəbul olunsa, bu, çox mühüm addım olacaq. Sadəcə məhsul idxalı deyil, milli istehsal sisteminin qurulması vacibdir. Belə olduqda yerli mühəndislər təcrübə qazanacaq, texnoloji potensial inkişaf edəcək.
Bu proses təhsil və innovasiyaya da böyük töhfə verə bilər. Türkiyədən bir çox şirkət, o cümlədən biz bu təşəbbüslərdə Azərbaycanla əməkdaşlıq etməyə hazırıq.
– Azərbaycana təqdim etdiyiniz məhsullar nələrdir və onların üstünlükləri hansılardır?
– İndiyədək Azərbaycana müəyyən sayda bekoloder təqdim etmişik, amma layihələr istədiyimiz səviyyədə irəliləyə bilmədi. Sonra mina təmizləmə yükləyicisi hazırladıq və təqdim etdik, lakin bu məhsullar ASFAT vasitəsilə alındı.
Bununla belə, ən üstün məhsulumuz olan sürətli zirehli bekoloder dünyada yalnız iki istehsalçı tərəfindən hazırlanır. Bizim versiyamız tam zirehlidir: mühərrik, batareya, filtrlər və digər hissələr tam qorunur.
25 km/saat sürətlə işləyərkən “xərçəng yürüşü” kimi hər dörd təkərin dönməsi ilə dar məkanlarda manevr edir, 80 km/saatda isə iş texnikası rejimindən çıxaraq taktiki nəqliyyat vasitəsinə çevrilir. Qoruma səviyyəsini STANAG Level 3-ə qədər artırmaq mümkündür.
– Hüseyin bəy, sonda oxucularımıza nə demək istərdiniz?
– Bütün dost və qardaş xalqımıza salamlarımızı çatdırıram. Azərbaycanla birgə layihələr həyata keçirmək istərdik. Ən vacib olan isə istəyin və qərarın olmasıdır.
Bir məhsulun sənaye mülkiyyətinə sahib olmaq çox önəmlidir. Qardaş Azərbaycan bu istiqamətdə addımlar atır və biz bu prosesdə hər cür texniki dəstək göstərməyə hazırıq.