AZ

Türkiyədə QORXUNC ZƏLƏZƏLƏ xəbərdarlığı – Azərbaycanda da ola bilərmi? 

Son dövrlərdə Türkiyədə zəlzələlərin nisbətən az baş verməsi cəmiyyətdə yanlış arxayınlıq yarada bilər. 

NOCOMMENT.az xəbər verir ki, türkiyəli professor Naci Görür xəbərdarlıq edib ki, Türkiyə təxminən 14 milyon ildir aktiv zəlzələ zonasında yerləşir və bu hərəkətlilik milyonlarla il daha davam edəcək.

“Bu günlərdə zəlzələlər çox baş vermir. Məhz belə dövrlər zəlzələ barədə danışmaq və tədbir görmək üçün ən düzgün zamandır. Zəlzələ əbədi və əzəlidir. “Olacaqmı, olmayacaqmı?” deməyi bir kənara qoyun. Ölkəmizin əksər yerlərində zəlzələ baş verir və olarsa, fəlakətə səbəb ola bilər”, – professor qeyd edib.

Azərbaycanda isə geoloji ekspertlər bildirirlər ki, ölkənin əksər hissəsi, xüsusən Quba-Xaçmaz, Şamaxı və Lənkəran zonaları seysmik baxımdan aktiv bölgələrdəndir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ekoloq-seysmoloq Ənvər Əliyev bildirib ki, Azərbaycan böyük zəlzələ ehtimalı baxımından Türkiyə ilə müqayisədə daha az aktiv olsa da, güclü zəlzələlər baş vermə riski hələ də mövcuddur:

“Əsas diqqət seysmik risklərin davamlı monitorinqində və tikinti standartlarının buna uyğunlaşdırılmasındadır. Zəlzələlər hər zaman gözlənilməz ola bilər və hazırkı az aktivlik heç bir halda təhlükəsizlik tədbirlərindən azad etmir.

Fəlakət riskini minimuma endirmək üçün evlərimizin, məktəblərimizin və xəstəxanalarımızın seysmik təhlükəsizlik standartlarına cavab verməsi vacibdir”.

Mütəxəssis həmçinin qeyd edib ki, son dövrlərdə ölkədə müşahidə olunan kiçik zəlzələlər geoloji cəhətdən normaldır və böyük fəlakət üçün öncədən siqnal sayıla bilməz:

“Lakin ölkənin seysmik xəritəsinə baxdıqda, müəyyən bölgələrdə hər an güclü zəlzələ ehtimalının mövcud olduğunu görmək mümkündür.

Bu səbəbdən ictimaiyyətin zəlzələ ilə bağlı məlumatlandırılması və fövqəladə hallar planlarının aktiv saxlanması həyati əhəmiyyət kəsb edir”.

Seçilən
55
nocomment.az

1Mənbələr