Azərbaycan bir qayda olaraq onun uğurunu həzm edə bilməyən, inkişafını gözü götürməyən qüvvələrin məkirli planlarının hədəfində olub. Yaxın tariximizdə, daha dəqiq desək müstəqillik əldə etdikdən sonra zaman-zaman baş qaldıran dövlət çevrilişi planları hər birimizin yaxşı xatirindədir. Separatçı Əlikram Hümbətovun dövlət əleyhinə cinayətləri, Ulu Öndərə qarşı sui-qəsd cəhdi, mart qiyamı, 2003-cü ilin oktyabr hadisələri və daha nələr. Hadisələrin ardcılıığına və onların hərəkətverici qüvvələrinin bağlı olduqları xarici güclərə diqqət etdikdə, bütün bu məkirli planların Rusiyadan qaynaqlandığı gün kimi aydın olur. Təkcə bir faktı, dövlət çevrilişi etməyə cəhd göstərən Vətən xainlərinin əksəriyyətinin bir qayda olaraq cinayətlərinin üstü açılan ərəfədə Rusiyaya sığınmaları dediklərimizi təsdiqləyir. Qəribəsi və təəssüfedicisi isə odur ki, millilikdən, azadlıq, suverenlikdən danışan, Rusiya işğalına qarşı az qala sinələrini ciran “demokratlar” da elə Moskvanın “uşağı” olmağa üstünlük verirlər. Bir vaxtlar liderlərinin Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına qarşı mübarizəsinin önündə olanlar, indi öz liderlərinə xəyanət edib Moskavadan pənah umur, Kremlin dəstəyi ilə hakimiyyətə gəlməyi hədəfləyirlər. Elə Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi son əməliyyat da bir daha həmin “demokratlar”ın iç üzünü üzə çıxardı.
Bir qədər geriyə baxsaq, əslində məlum xəyanət planının ssenarisinin hələ 2013-cü ilin prezident seçkiləri zamanı şimalda hazırlandığı hər bir ölkə vətəndaşına bəlli idi. Planın ssenari müəllifi və drijoru Rusiya, ifaçıları isə “Milyaderlər İttifaqı” adı altında yaradılmış qurum idi. Məqsəd və hədəf bəlli idi. Məqsəd Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyəti ələ keçirmək, hədəf isə ölkəni Moskvanın vassalına çevirmək. Elə 2013-cü ilin prezident seçkiləri zamanı hakimiyyəti ələ keçirmək üçün yaradılmış həmin qurumun Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktub da bunu təsdiq edirdi. Xalqdan, Azərbaycan cəmiyyətindən dəstək ala bilməyənlər Rusiyanın əli və xeyir-duası ilə hakimiyyətə gəlmək istəyirdilər. İndi Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat və aşkarlanan faktlar bir daha təsdiqini tapır. Ehtimallar faktlarla təsdiqini tapır ki, saxta demokratların Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək planının başında uzun illər dövlətin bütün imkanlarından yararlanan, son illərə qədər hakimiyyətdə yüksək post tutan sabiq PA rəhbəri Ramiz Mehdiyev dayanıb. Mehdiyevin dövlət əleyhinə fəaliyyətinin əsas hərəkətverici qüvvəsi qismində isə “Milli Şura” adlanan qurum və orada təmsil olunan Kərimli-Həsənli-Hacıbəyli üclüyü olub. DTX-nın Əli Kərimlinin evində həyata keçirdiyi əməliyyatlar zamanı AXCP sədrinin mənzilindən Ramiz Mehdiyevin ona ünvanladığı məktubun redaktə edilmiş variantının tapılması hər şeyi gün işığına çıxarır. Son illərə qədər “Ramiz Mehdiyev hakimiyyətdən uzaqlaşdırılsa ölkənin idarəçiliyində böhran yaranacaq”, yaxud “Mehdiyev getsə İlham Əliyev hakimiyyəti zəifləyəcək” kimi cəmiyyətə sırınan fikirlərin məhz Kərimli-Həsənli-Hacıbəyli üçlüyü və onların yaxın ətrafı tərəfindən tirajlandığı artıq məlum olur. Düzdür, Mehdiyevin yüksək postdan getməsi müəyyən problemlər yaratdı. Ancaq kimə və necə? Əlbəttə ki, saxta demokratlara. İndi məlum olur ki, ölkədə radikal siyasi düşərgənin himayə edən, onun “xaç atası” rolunu oynayan məhz Ramiz Mehdiyev olub. Diqqət etsək görərik ki, Ramiz Mehdiyev vəzifədən gedəndən sonra radikal siyasi düşərgə bir dəfə də olsa etiraz aksiyası keçirmək istəyini səsləndirməyib. Halbuki Mehdiyev PA rəhbəri olarkən Kərimli və onun radikal düşərgəsi demək olar ki, hər həftə paytaxtda heç bir sosial sifariş olmadığı halda aksiyalar keçirir, ictimai-asayişi pozmağa çalışırdılar. İlham Əliyev hakimiyyətinə təzyiq etmək məqsədilə itinqlərə sərf edilən yüz minlərlə vəsait isə bu düşərgəyə “boz kardinal” tərəfindən verilirdi. Bir növ Mehdiyev dövlətin pulunu dövlətə zərbə vurmaq üçün radikallara sərf edirdi. Xalqın radikal siyasi düşərgəni dəstəkləməməsi. xaos. anarxiyaya yox deməsindən dolayı ortada olan nəticəsizlik əslində “boz kardinal”ın himayə etdiyi “Milli Şura”nın fiaskosu idi. İndi vəzifədə nə Mehdiyev var, nə də paytaxtda, ümumən ölkədə ictimai-asayişi pozamağa yönəlik aksiyalar. Çünki radikalizm Azərbaycan cəmiyyəti tərəfindən dəstək görmədi.
Buna baxmayaraq Mehdiyev və onun müxalifətdəki şəbəkəsinin hakimiyyət iddiaları qalmaqda idi. Bu məqamda onu demək yerinə düşər ki, “boz kardinal” hakimiyyəti ələ keçirmək istəyinin reallaşmasında xarici təcrübəyə də baş vurub. Daha dəqiq desək Mehdiyevin hakimiyyət çevrilişi planı bir növ FETÖ planına bənzəyir. Necə ki, Fətullah Gülən uzun illər Türkiyədə hakimiyyətin və müxalifətin içərilərinə sızıb öz kadrlarını həm idarəetmədə, həm də siyasi cameədə yerləşdirmişdi, eynilə də Mehdiyev FETÖ planının Azərbaycan variantını işə salıb. PA rəhbəri olduğu illərdə dövlətin müvafiq strukturlarına yerləşdirdiyi kadrlardan istifadə etməklə öz hakimiyyət hərisliyini həyata keçirmək üçün 50 nəfərdən ibarət Dövlət Şurası formalaşdırmağı qarşıya məqsəd qoyub. Cəmiyyətin müxtəlif sahələrindən, siyasət, elm, mədəniyyət, iqtisadiyyat sahəsinin nüfuzlu şəxslərinin təmsil olunması planlaşdırıb. “Boz kardinal”ən Dövlət Şurasında yer alacaq siyasət adamları isə məhz Kərimli-Həsənli-Hacıbəyli üçlüyü olub. Sonunculardan ikisinin, Cəmil Həsənli və Gültəkin Hacıbəylinin Mehdiyev işi ortaya çıxan ərəfədə Azərbaycanı tərk etməsi də bu baxımdan təsadüfi sayıla bilməz. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, Mehdiyevin FETÖ planına uyğun plan hazırlaması sabiq PA rəhbəri üçün o qədər də çətin olmayıb. Çünki Mehdiyev PA rəhbəri olarkən onun yaxın ətrafı Azərbaycanda məhz gülənçilər kimi tanınırdı.
Mehdiyevin planına əsasən mövcud prezidentlik üsul-idarəsi ləğv edilməli, hakimiyyətin üç klassik qolu, qanunverici, icraedici və məhkəmə qolu formal saxlanmalı, lakin real güc, fövqəladə səlahiyyət “Dövlət Şurası”nda olmalı idi. Planın gerçəkləşdirilməsi üçünsə xarici dairələrdən, xüsusilə də Rusiyanın struktur və siyasi dairələrindən dəstək alınacaqdı. Əslində bu plan 2013-cü ildə yaradılmış “Milyaderlər İttifaqı”nın planının tərkib hissəsi idi. Cərəyan edən prosesləri analiz edərkən belə nəticəyə gəlmək olur ki, əslində Mehdiyev-radikal siyasi düşərgə, xüsusilə də Kərimli-Mehdiyev işbirliyinin növbəti mərhələsi 2010-cu ildən qurulub. 2010-cu ilə qədər isə Mehdiyev Kərimliyə ölkədə siyasi gərginlik yaratmaq üçün maliyyə dəstəyi verib. Müntəzəm olaraq keçirilən məxfi görüşlər, aparılan yazışmalar əsasında dövlət çevrilişi üçün zəmin və mövcud situasiya axtarılıb. Nəhayət, 2025-ci ilin oktyabrında antiAzərbaycan qüvvələr həmin planı həyata keçirməyə cəhd ediblər. Lakin Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi uğurlu əməliyyat nəticəsində onun qarşısı alınıb.
Əslində Dövlət Təhlükəsizlik Xidmətinin bu əməliyyatı xəyanətin ifşasıdır. Dövlət və dövlətçiliyə yönəlmiş bu xəyanətdə təkcə Mehdiyev və Kərimli komandası deyil, bu ittifaqda özlərinə yer tapmış və Mehdiyev xəttinə sadiq siyasətçilər, zamanında “boz kardinal”ın kadrları olmuş şəxslər, həmçinin Rusiyadan bu şəbəkəyə pul ötürən milli satqınlar da yer alıb. Əminik ki, istintaq orqanları dövlətə xəyanətdə yer almış hər kəsin cinayət əməllərini üzə çıxaracaq və kimliyindən asılı olmayaraq bu cinayətin iştirakçısı olan istənilən şəxs qanun qarşısında cavab verəcək.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı