AZ

KƏŞ Avropa Parlamentinin “davamlılıq haqqında hesabat” tələbi ilə bağlı dərin narahatlığını bildirir

Qahirə, 6 dekabr, AZƏRTAC

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Avropa Parlamentinin təqdim etdiyi dəyişikliklər paketinə daxil olan “Şirkətlərin davamlılığı üzrə məsuliyyətlilik təlimatı” və “Şirkətlərin davamlılığı haqqında hesabatlılıq təlimatı” adlanan qanunvericilik aktları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, KƏŞ ölkələri bu narahatlıqlarının üç əsas riskdən qaynaqlandığını bildirirlər. Onlar düşünürlər ki, Avropa İttifaqı bu təlimatlarla davamlılıq anlayışını öz interpretasiyalarında böyük beynəlxalq şirkətlərə tətbiq edirlər. Bundan başqa, həmin şirkətlərə insan haqları və ekologiya ilə bağlı qanunvericilik aktlarını qəbul etdirmək istəyirlər. KƏŞ ölkələrini narahat edən məqamlardan biri də budur ki, bununla beynəlxalq müqavilələrin əhatə dairəsindən kənarda iqlim dəyişikliyi üzrə planların təqdim olunması şirkətlər qarşısında öhdəlik kimi qoyulur. Bu öhdəliklərə şirkətlərin fəaliyyətlərinin ətraf mühitə təsirləri barədə davamlılıq hesabatlarının hazırlanması, onların açıqlanması və tələblərə əməl etməyənlərə cərimələrin tətbiqi də daxildir.

Qeyd olunur ki, Avropa Parlamentinin bəzi maddələri yüngülləşdirmək və digərlərini ləğv etmək istiqamətində etdiyi dəyişikliklərə baxmayaraq, onlar hələ də KƏŞ ölkələrinin gözləntilərinə uyğun deyil. Bu dəyişikliklərin Avropa bazarında KƏŞ ölkələri şirkətlərinin maraqlarına geniş potensial zərər və risklər yarada biləcəyi qeyd olunur. Yeni tənzimləmə şəraiti həmin şirkətlərin rəqabət qabiliyyətinə və fəaliyyətinin davamlılığına mənfi təsir göstərə bilər.

KƏŞ ölkələrinin bəyanatında, həmçinin vurğulanır ki, onlar beynəlxalq ictimaiyyət və Avropa İttifaqı qarşısındakı öhdəliklərini yerinə yetirməklə Avropanın etibarlı enerji təchizatını təmin etməyə çalışsalar da, Avropada bu qanunvericiliklə bağlı müzakirələrin davam etməsi həmin təchizatın davamlılığına mənfi təsirlər yarada bilər.

KƏŞ ölkələri bildiriblər ki, bu qanunvericiliyin əhatəsinə düşə biləcək ən yaxşı qlobal təcrübələrə uyğun fəaliyyət göstərən şirkətlər hazırda bu qanunvericilik aktlarının qəbul edilməsinin risklərini və mümkün təsirlərini qiymətləndirirlər. Bəyanata görə, bu vəziyyət həmin şirkətlərin Avropa bazarından çıxmasına və alternativ bazarlar axtarmasına gətirib çıxara bilər.

KƏŞ ölkələri ümid edirlər ki, Avropa İttifaqındakı tərəfdaş ölkələr bu təlimatların ləğvini və ya onun tətbiq dairəsinin daxildə məhdudlaşdırılmasını nəzərdən keçirəcəklər.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
221
azertag.az

1Mənbələr