Balıq ehtiyatlarının bərpası ilə bağlı illərdir həyata keçirilən dövlət proqramları nəticə versə də, bir sıra növlərin populyasiyası kritik həddə çatıb.
Xüsusilə Kür-Araz hövzəsində və ona bağlı dağ çaylarında çəkikimilərin azalması, əksinə bəzi invaziv və ya sürətlə çoxalan növlərin nəzarətsiz artması ekosistemdə tarazlığın pozulmasına gətirib çıxarıb.
Məsələ ilə bağlı yayılan məlumatlara görə, qarşıdakı illərdə məhz daxili sulardakı bu disbalansı aradan qaldırmaq və cins tərkibini bərpa etmək üçün yeni xüsusi proqram hazırlanması nəzərdə tutulur. Lakin mütəxəssislər illərdir davam edən mövcud bərpa layihələrinin nəticələrinin gözlənilən qədər olmamasının səbəblərinin araşdırılmasının vacibliyini bildirirlər.
Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan tanınmış ekoloq Telman Zeynalov deyir ki, əsas problemlərdən biri təkcə proqramların effektivliyində deyil, həm də idarəetmədəki ciddi boşluqlardadır.

Onun sözlərinə görə, bəzi illərdə həyata keçirilən balıq buraxılışı tədbirləri elmi əsaslandırma olmadan aparılıb, çayların hidrologiyası nəzərə alınmayıb, buraxılan balıqların adaptasiya səviyyəsi, yaşama faizi və uzunmüddətli monitorinqi sistemli şəkildə izah olunmayıb:
“Əgər populyasiya azalırsa, bunun səbəbi yalnız brakonyerlik deyil. Çayların su rejimi dəyişib, məcralar daralıb, çaylara axıdılan məişət və sənaye tullantıları bəzi növlərin çoxalmasını məhdudlaşdırır, digərləri isə süni şəkildə üstünlük qazanır. Balıq ehtiyatlarını bərpa etmək üçün təkcə buraxılış kifayət deyil, ekosistemin tam birləşdirilmiş idarəetməsi lazımdır”.
Ekoloq qeyd edib ki, bir çox hallarda çayların qorunan ərazilər kimi təsnifləşdirilməsi, brakonyerliyə qarşı real nəzarət mexanizmlərinin tətbiqi və su obyektlərində monitorinq sisteminin rəqəmsallaşdırılması gecikir:
“Yeni hazırlanacaq proqram yalnız kəmiyyətə deyil, çayların ekoloji tutumunun ölçülməsinə, növlər arasında tarazlığın bərpasına və uzunmüddətli elmi nəzarətə əsaslansa, real nəticə əldə etmək mümkün olacaq.
Uzun illərdir davam edən proqramların tam effekt verməməsinin səbəbi bu yanaşmaların olmaması, idarəetmə strukturları arasında koordinasiyanın zəifliyi və bəzi qərarların masa arxasında, ekoloji araşdırmalar olmadan qəbul edilməsidir.
Əgər yeni proqram bu idarəetmə boşluqlarını aradan qaldırsa, balıq ehtiyatlarının bərpası mümkün olacaq, əks halda növlər arasındakı disbalans daha da dərinləşə bilər”.