AZ

Rəqəmsal nəzarət güclənir: VPN-lərə qarşı...

Rusiyada rabitənin nəzarətinə cavabdeh olan dövlət qurumu “Roskomnadzor”un qadağan olunmuş məzmunlarla mübarizədə texniki yanaşmasını sərtləşdirdiyi bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, RBC-nin xəbərinə görə, qurum telekommunikasiya operatorlarının şəbəkələrinə yerləşdirilmiş Təhlükələrə Qarşı Texniki Tədbirlər (TSPU) sistemlərinin parametrlərini yeniləyib. 

Bu dəyişikliklər qadağan olunmuş saytlara çıxışı məhdudlaşdırmaq və sürətə limit qoymaq üçün istifadə olunan filtrlərin daha aqressiv işləməsinə səbəb olub.Yenilənmiş sistemlər noyabr ayının sonlarından etibarən bir çox bölgədə VPN xidmətlərində ciddi pozuntulara yol açıb.

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidmətinin (“Roskomnadzor”) yeni tədbirləri son dövrlərdə bloklamaları aşmaq üçün geniş istifadə olunan üç VPN proqramlarını – “SOCKS5”, “VLESS” və “L2TP”ni hədəfə alır.

Mütəxəssislərin fikrincə, xüsusilə “VLESS” proqramı yüksək sürəti və çətin aşkarlanması səbəbilə istifadəçilər arasında tez bir zamanda populyarlıq qazanmışdı.Lakin yeni ayarlamalar nəticəsində TSPU sistemləri bu trafiki dolayı əlamətlərlə tanıyıb bloklaya bilir. 

İnformasiya təhlükəsizliyi üzrə ekspertlər bu addımın istifadəçilərin sabit VPN tapmasını çətinləşdirəcəyini və populyar xidmətlərin daha tez-tez kəsiləcəyini bildirirlər.Rəsmilər isə bu dəyişiklikləri ölkənin rəqəmsal infrastrukturunu qorumağa yönəlmiş planlı addım kimi qiymətləndirirlər.

“Roskomnadzor” internetin “müasir texnoloji və informasiya təhlükəsizliyi təhdidlərinə” qarşı qorunmalı olduğunu bildirərək, tətbiq olunan tədbirlərin mütəmadi olaraq təkmilləşdirildiyini vurğulayır.

2017-ci ildən qüvvədə olan qaydalara əsasən, VPN xidmətləri qadağan olunmuş məzmunlara çıxışı məhdudlaşdırmalıdır. 2024-cü ildə qüvvəyə minmiş yeni qanun isə bloklamanı aşmaq üsullarının yayılmasına qarşı məhdudiyyətləri daha da sərtləşdirmişdi.

Ekspertlər tam bloklamanın mümkün olmadığını, lakin VPN istifadəsinin getdikcə daha baha və texniki bilik tələb edən bir prosesə çevriləcəyini proqnozlaşdırırlar.

“Roskomnadzor”un əsas məqsədinin ayrı-ayrı protokolları tamamilə aradan qaldırmaq deyil, kütləvi şəkildə istifadə olunan ucuz və asan əldə edilə bilən VPN həllərini çətinləşdirmək olduğu bildirilir.

Bu strategiyanın uzunmüddətli məqsədi istifadəçiləri “etibarlı yerli xidmətlərə üstünlük verməyə” yönəltməkdir.

Seçilən
137
cebheinfo.az

1Mənbələr