BAKI, 6 dekabr. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BBC-nin reportajında iddia edildiyi kimi, ölkədə etirazçılara qarşı kimyəvi silahdan istifadə edilməsi iddiasını təkzib edib.
Teleqraf xəbər verir ki, o, bu barədə keçirdiyi brifinq zamanı deyib:
"Dekabrın 6-da Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti BBC-nin 2024-cü ildə Gürcüstanda polisin etirazçıları dağıtmaq üçün "kamit" kimyəvi maddəsindən istifadə etdiyi iddiası ilə bağlı xəbəri araşdırıb. Araşdırma nəticəsində son illər Daxili İşlər Nazirliyi tərəfindən alınan vasitələrin heç birində qadağan olunmuş maddələrin olmadığı müəyyən edilib. Bundan əlavə, yalnız bir neçə etirazçıda yüngül zəhərlənmə simptomları olub. Amma I Dünya müharibəsi zamanı istifadə edilən kamit ölümcül olur".
"Kamit adlanan və digər qadağan olunmuş maddələrin istifadəsi ilə bağlı araşdırma və ya təhqiqat aparılacaq başqa heç nə olmadığına görə, bu baxımdan istintaq hərəkətləri tam başa çatıb və məsələ bağlanıb", - Kobaxidze brifinqdə bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, hakimiyyət xarici kəşfiyyat orqanlarının və onların yerli agentlərinin dövlətçiliyə təhlükə törətməsinə və milli maraqlara zərər vurmasına imkan verməyəcək.