Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “44 Günlük Vətən Müharibəsinin Qəhrəmanlarını Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində Qazax rayonunun Cəfərli və Xanlıqlar kəndlərindən olan üç şəhidimizin məzarları və ailələri ziyarət edilib.
Tədbir zamanı birliyin sədri və layihə rəhbəri Əliyev Azər layihənin məqsədləri, fəaliyyət istiqamətləri və donor dəstəyi barədə məlumat verib. O bildirib ki, layihənin əsas hədəfi Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsidir.
Ziyarətdə iştirak edən qazilər — Namiq Alıyev, Əliyev Xəyyam, Fəqan Nəsibov, həmçinin Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahin Namazov və könüllü Süleyman Süleymanov qəhrəmanlıq nümunələrindən danışaraq, müharibə dövründə yaşananlardan söz açıblar.
Daha sonra şəhidlərin məzarları ziyarət olunub. QMİ-nin Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Sərxan Xəlilov şəhidlərimiz üçün dualar oxuyub. Şəhid ailələri isə təşkil olunacaq qol güləşi və atıcılıq turnirlərinin onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildiriblər.
Ziyarət olunan şəhidlər
Şəhid Nicat Qəşəm oğlu Nəsibov
1998-ci ildə Qazaxın Cəfərli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Leytenant Nəsibov 2020-ci il oktyabrın 12-də Füzuli döyüşlərində şəhid olub.
Medalları: “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”.
Şəhid Qismət Oruc oğlu Həməşyəyev
1988-ci ildə Rostov şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Qismət Həməşyəyev 2020-ci il oktyabrın 26-da Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb.
Medalları: “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”.
Şəhid Elşən Ehtiram oğlu Orucov
1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Əsgər Elşən Orucov 2020-ci il noyabrın 5-də Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Medalları: “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”.