AZ

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və akademik katibinin iştirakı ilə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Bu haqda “Xalq” qəzetinə AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən məlumat verilib. 

İclasda ölkə başçısının elmin inkişafı ilə bağlı son çıxışları və imzaladığı mühüm sənədlərdən irəli gələn vəzifələr geniş şəkildə müzakirə olunub.

İclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində iştirak etməsindən və burada səsləndirdiyi dərin məzmunlu, proqram xarakterli nitqin elmi ictimaiyyət tərəfindən geniş müzakirə olunmasından bəhs edib. O, nitqdən irəli gələn vəzifələrin həm ali məktəblərdə, həm də elmi müəssisələrdə təhlil edildiyini, AMEA Naxçıvan Bölməsində isə yaxın müddətdə bu istiqamətdə tədbirin keçirildiyini diqqətə çatdırıb. Akademik qeyd edib ki, prezidentin nitqindən irəli gələn tapşırıqların icrası üçün tədbirlər planı hazırlanıb və təsdiq olunub.

İsmayıl Hacıyev həmçinin AMEA-nın 80 illik yubileyindən iki gün sonra elm xadimlərinin orden və medallarla təltif olunmasının elmi ictimaiyyətə göstərilən yüksək diqqət olduğunu vurğulayıb və təltif olunanlar arasında Naxçıvan Bölməsi əməkdaşının da yer almasından qürur duyduğunu bildirib.

Akademik İsmayıl Hacıyev çıxışının davamında Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr haqqında danışıb. O, sərəncamın əhəmiyyətini vurğulayaraq XX əsrin əvvəllərində ölkədəki siyasi vəziyyətin, Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı tarixi məqamların sənəddə geniş şəkildə təhlil olunduğunu qeyd edib. Həmçinin Azərbaycan əlifbasının tarixinə toxunaraq həmin dövrdə ziyalıların çətin şəraitə baxmayaraq dil, orfoqrafiya və əlifba məsələlərində ciddi fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Daha sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək 2025-ci ildə Akademiyanın həyatında üç böyük hadisənin baş verdiyini deyib. O, Prezidentin sərəncamı ilə Azərbaycan təbabətinin görkəmli nümayəndəsi Mustafa Topçubaşovun 130 illiyinin AMEA-da yüksək səviyyədə qeyd olunduğunu, bununla bağlı məqalələr toplusu və biblioqrafiyanın nəşr edildiyini bildirib. Həmçinin ölkə başçısının müvafiq sərəncamı ilə AMEA-nın 80 illik yubileyi çərçivəsində genişmiqyaslı tədbirlər keçirildiyini, ilk yubiley tədbirinin  Qarabağ Universitetində təşkil olunduğunu, daha sonra Ankara Universitetində, İstanbulda, Naxçıvan Dövlət Universitetində, AMEA Naxçıvan Bölməsində, Minskdə və Bakı Dövlət Universitetində davam etdirildiyini qeyd edib.

Akademik İsa Həbibbəyli Prezidentin yubiley tədbirində səsləndirdiyi Azərbaycan dili, tarix və azərbaycançılıq ideyalarına dair fikirlərin elm ictimaiyyəti üçün mühüm istiqamətlər müəyyən etdiyini vurğulayıb.

İclasda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevaya Prezidentin müvafiq sərəncamı ilə verilmiş “Tərəqqi” medalı da təqdim olunub. Medalı akademik İsa Həbibbəyli təqdim edərək bunun bütün kollektivi əhatə edən yüksək dəyərin göstəricisi olduğunu bildirib. O, həmçinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair sərəncamdan irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib, türkologiyanın iqtisadiyyat, ədəbiyyat, dil, fəlsəfə və tarixi əhatə edən geniş elmi sahə olduğunu vurğulayıb.

Sonda Türkoloji Qurultayın elmi konsepsiyası, Azərbaycan dilinin saflığının qorunması, milli tariximizin ətraflı araşdırılması istiqamətində müzakirələr aparılıb. 

Səbuhi Həsənov
XQ

Seçilən
73
xalqqazeti.az

1Mənbələr