AZ

Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”

BAKI, 7 dekabr. TELEQRAF

XII əsrdə yaşamış Azərbaycan şairi Məhsəti Gəncəvi müasirləri arasında tanınmış bir müəllif olub. Xüsusilə yazdığı rübailərdəki fikirləri dövrün ab-havasını anlamaq baxımından olduqca əhəmiyyətlidir. Məhsəti Gəncəvi haqqında kifayət qədər tədqiqat aparılıb, istər ölkəmizdə, istərsə də xaricdə əsərləri haqqında fikirlər söylənilib. Hazırda onunla bağlı müzakirələr aparıldığı üçün mühacirətdə yaşamış azərbaycanlı ictimai-siyasi xadimlərin Məhsəti xanım haqqında nə düşündüklərini təqdim edirik.

Məhəmmədəmin Rəsulzadə 1951-ci ildə Ankarada nəşr etdirdiyi məşhur “Azərbaycan şairi Nizami” əsərində onun haqqında yazıb: “O dövrlərin parlaq şairlərindən Məhsəti xanımı da bu işıldaqların arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsindən yetişmişkən zəka və istedadı sayəsində zəmanənin ən ali təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti və söhbətdəki hazırcavablığı ilə Sultan Səncərin məclislərindəiştirak etmişdir.MəhsətiGəncəvixəyyamvarirübailərivəyüksək lirizmi ilə məşhurdur”.

Məhsəti Gəncəvi haqqında mühacirətdə ayrıca məqalə qələmə alan şəxs isə geniş ədəbi-publisistik irsə malik olan Əbdülvahab Məhəmmədzadə (Yurdsevər)dir. Onun 1953-cü ildə Ankarada çıxan “Azərbaycan” dərgisində qələmə aldığı məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik.

***Əbdülvahab Yurdsevər

Məhsəti Gəncəvi

Azərbaycan xalqının yetişdirdiyi məşhur qadın şairlərdən biri də Məhsəti (və ya Məhyəti) Gəncəvidir. O, təqribən 8 əsr əvvəl Səlcuqlu Sultan Səncər dövründə yaşayıb, deyilənlərə görə onun sarayında gözəlliyi, təbi-şeiri və nüktədanlığı ilə böyük şöhrət qazanıb. Adından da göründüyü kimi Məhsəti Azərbaycanın ikinci paytaxtı olan Gəncədə doğulub, orada da yaşayıb. Böyük Şirvan və Gəncə şairlərinin müasiri olub. Yoxsul bir ailənin övladı kimi dünyaya gəlib. Buna rəğmən zəkası, istedadı və şeiri ilə sənət və ədəbiyyat mühitinin nəzəri-diqqətini üzərinə çəkib. Azad fikirli idi, şeirlərində fərdin hürriyyətini tərənnüm edərdi:

O sərraf oğlunun aşiqiyəm mən,

Eyn, şin və qafa vurğunam qəlbən.

İnsanam, axır sin, nun, qaf deyiləm,

Nə istər o süzgün baxışlı məndən?

(Qeyd: Əski yazıda ayn, şin və qaf hərflərindən ibarət kəlmə “Eşq” kimi oxunmaqdadır. Yenə əski yazıda sin, nun, qafdan ibarət farsca “sanq” kəlməsi “daş” mənasındadır. Şair “daş deyil, insanam”, deyir).

Tabi-şeiri qəzəl və qəsidədən ziyadə rübaiyə təmayül göstərir və bu sahədə Ömər Xəyyamın izindən gedirdi. Zatən fikir etibarilə dahi Xəyyama çox bənzəməkdədir:

Bu dünya bir qızıl kuzəyə bənzər:

Suyu gah şirindir, gah da ki, zəhər.

Çox da öyünmə ki, uzundur ömrün,

Əcəl köhlənində hazırdır yəhər.

Məhsətinin bu rübaisi Xəyyama qarşı fikri-təmayülünü daha çox təbarüz etdirməkdədir:

Dün kaşi-kuzəmi daşlara çaldım

Sərxoşdum, bilmədim, əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki: mən də

Sənin kimi idim bu günə qaldım.

Və yaxud bu rübaisi:

Bir qəlp pulu bizdən almırlar, inan!

Süpürər hamını əcəl dünyadan.

Xərabatdan çıxıb dedi bir qoca:

"Şad yaşa, torpaqda çox yatacaqsan!".

Xəyyamvari digər bir rübaisində Məhsəti xanım belə deyir:

Dedim: məsləhət ver bizə, ey ürək!

Şirin meydən içək, acıdan içək?

Dedi: acıdan iç, yoxsa Şirinə

Vurğun deyilsən ki, sən də Fərhad tək!

Yenə başqa bir rübaisində belə demişdir:

Ey! Məcaz yoluyla bura sən gəlmə,

Xərabata bir iş görmədən gəlmə!

Başından keçənin yoludur bu yol,

Bu yolda can qurban vermədən gəlmə!

Şairin həssas rübailərindən biri də budur:

Yetməzmi, qəribə verdin işgəncə,

Cəfanın hüdudu olmazmı, səncə!?

Demişdin; Gəncədə kamə yetərsən,

İndi bu mən, bu sən, bax, bu da Gəncə!

Beləcə gördüyünüz kimi 12-ci əsrdə yaşamış Azərbaycanın qadın şairi Məhsəti gözəl Azərbaycan xalq türkcəsilə yazdığı (müəllif burada yanılır – D.Ə) duyğulu şeirlərində həyata eşqlə bağlanmağı, nəşə, zövq və sevinc təlqin etməkdədir. O, insan ağlının və ali bəşəri duyğuların heyranıdır. Həyatın dayanmadan irəlilədiyinə və getdikcə təkamül etdiyinə inanmaqdadır.

Eyni zamanda musiqişünas olan Məhsəti öz dövründə dərin iz qoyan bir şairimizdir. Onun təsirilə Əmir Əhməd, Mir Osman kimi dövrün tanınmış şairləri bir müddət qəzəl və qəsidəni tərk edərək rübai yazmağa başlamışdır. Parlaq həyatını və hikmətli sözlərini yaşatmaq üçün haqqında aşiqanə bir dastan vücuda gətirilmişdir. Təəssüf ki, Məhsəti xanımın istər həyatı, istərsə də yaradıcılığı hələ ki layiqincə tədqiq edilməyib. Halbuki ilk və ən qüdrətli qadın şairlərimizdən olması ilə çox əhəmiyyətli və diqqətəlayiq bir simadır. Ümid edirik ki, Azərbaycan ədəbiyyat tarixi ilə maraqlanan mütəxəssislərimiz bu mövzunu gələcəkdə daha çox aydınlatmağa müvəffəq olacaqlar.

“Azərbaycan” dərgisi, 18-ci say, sentyabr 1953

Seçilən
18
teleqraf.com

1Mənbələr