07 dekabr 2025-ci il tarixində Masallı rayonunda tanınmış qələm sahibi Çingiz Ərəblinin müəllifi olduğu “Eşqnamə” adlı poemasının təqdimat mərasimi keçirildi. Tədbir Masallı rayonu “Karal Hotel” restoranında təşkil olundu.
Təqdimat mərasimində rayonda fəaliyyət göstərən ziyalılar, ədəbiyyatsevərlər, şəhid ailələri, qazilər, media nümayəndələri, ictimaiyyət fəalları və müəllifin yaxınları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan təşkilatçı Fərasət İbadullayev qonaqları salamlayaraq belə ədəbi-bədii görüşlərin bölgənin mədəni həyatında mühüm rol oynadığını bildirdi.
Sonra söz müəllif Çingiz Ərəbliyə verildi. Müəllif “Eşqnamə” poemasının ərsəyə gəlmə tarixindən, əsərin ideya-məzmun xəttindən, insanın daxili dünyası, sevgi, sədaqət və mənəvi dəyərlər kimi mövzulardan bəhs etdiyini vurğuladı. O, oxuculara göstərilən diqqət və marağa görə təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları çıxış edərək “Eşqnamə” poemasını yüksək qiymətləndirib, əsərin ədəbi dəyərindən, dilinin axıcılığından və mövzu aktuallığından söz açıblar. Bildirilib ki, poema oxucunu dərin düşünməyə vadar edir və mənəvi zənginliyə çağırış edir.
Təqdimat çərçivəsində əsərdən seçilmiş hissələr bədii qiraət formasında səsləndirilib, ədəbi kompozisiyalar nümayiş etdirildi. Sonda müəllif oxucular üçün kitablarını imzalayıb, xatirə şəkilləri çəkdirildi.
Qeyd edək ki, “Eşqnamə” poeması Çingiz Ərəblinin yaradıcılığında xüsusi yer tutur və oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanır.