AZ

İran Səfirliyindən narkotik qaçaqmalşılığı ilə bağlı bəyanat

Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycandakı Səfirliyi, ABŞ-nin Bakıdakı Səfirliyinin tranzit marşrutunda narkotik daşınmalarının aşkarlanmasında bağışladığı xüsusi avadanlıqların rolunu vurğulayan bəyanatına cavab verib.

Hafta.az yazır ki, İran səfirliyinin bəyanatında deyilir: “Narkotik qaçaqmalçılığına qarşı mübarizə kollektiv, davamlı və mürəkkəb məsuliyyətdir və xüsusi avadanlıqları vurğulayan hər hansı təbliğat əməliyyat yerindəki reallıqları ört-basdır edə bilməz. Bu kontekstdə Əfqanıstanda narkotik istehsalı və qaçaqmalçılığının görünməmiş artımında Amerika tərəfinin roluna diqqət yetirmək vacibdir. Beynəlxalq təşkilatların rəsmi hesabatlarına görə, ABŞ və müttəfiqləri tərəfindən Əfqanıstanın iyirmi ildən çox işğalı zamanı narkotik becərilməsi səviyyəsi və onun qaçaqmalçılığının həcmi dəfələrlə artıb, bunun nəticələri İran və Azərbaycan da daxil olmaqla, regionun bir çox ölkələrinə təsir göstərməkdə davam edir”.

Səfirlik qeyd edib ki, İran son bir neçə onillikdə narkotik qaçaqmalçılığına qarşı mübarizənin ön sıralarında olub, bu təhlükəli fenomenlə mübarizə aparmaq üçün ən ağır insan və maliyyə bədəllərini ödəyib. Qanunsuz və qəddar sanksiyaların yaratdığı avadanlıq və texniki məhdudiyyətlərə baxmayaraq, İranın Avropa və digər bölgələrə narkotik axınının qarşısının alınmasındakı rolu beynəlxalq qurumlar tərəfindən həmişə tanınıb və təqdir edilib.

“İran İslam Respublikasının səfirliyi vurğulayır ki, bu transmilli cinayətkarlığa qarşı mübarizə aparmaq üçün qonşu ölkələr, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq güclü və ciddi şəkildə davam edəcək. Bu baxımdan, İran İslam Respublikasının Narkotiklərlə Mübarizə Polisi rəisinin 25 noyabr 2025-ci ildə Azərbaycana səfəri, iki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün əldə edilən danışıqlar və razılaşmalar dönüş nöqtəsi hesab olunur”, - İran səfirliyi bildirib.

Seçilən
126
hafta.az

1Mənbələr