Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, 27-ci binanın yaxınlığında gecələr görülən sürətli qazıntı işləri insanların ciddi narahatlığına səbəb olur.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, onların binalarının yaxınlığında tikiləcək çoxmərtəbəli binanın bünövrəsinin qazıntısı yalnız axşamlar həyata keçirilir.
Ağır texnikaların yaratdığı titrəmə isə mənzillərdə hiss olunur.
Ərazi qayalıq olduğundan texnika daha sərt və daha gur səs çıxarır. Sakinlərin sözlərinə görə, bir müddət işlər dayandırılıb, amma yenidən davam edilib.
Sakinlərin iddialarından sonra biz də tikinti sahəsinə yaxınlaşdıq. Özünü iş icraçısı kimi təqdim edən Nazim Hüseynov görülən işlərin icazə ilə aparıldığını bildirdi.
Məslə ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmadı.
Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, sözügedən ərazidə tikilməkdə olan yaşayış binasının sənədləri var və qaydasındadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.