AZ

Polşa XİN rəhbəri Mask və Dmitriyevi Avropanı bölmək cəhdində ittiham edib

Sikorski: Onlar Avropanı parçalamaq və bizi istismar etmək istəyirlər...

Poliqon xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkədə yayımladığı açıqlamada amerikalı sahibkar İlon Maskı və Rusiyanın sülh danışıqlarında əsas siması olan oliqarx Kirill Dmitriyevi Avropanın birliyinə qarşı fəaliyyət göstərməkdə suçlayıb. Nazir onların məqsədinin Avropanı zəiflətmək və qitə üzərində siyasi-iqtisadi nüfuz qurmaq olduğunu bildirib.

“Oliqarxlar Dmitriyev və Mask Avropanı bölmək, üstünlük qazanmaq və bizi istismar etmək istəyirlər”, deyə Sikorski yazıb. 

Polşa XİN rəhbərinin sözlərinə görə, bu cəhdlər qitənin geosiyasi mövqeyini zəiflətmək, Avropa İttifaqında parçalanma yaratmaq və transatlantik birlikdə gərginlik formalaşdırmaq təhlükəsi yaradır.

Nazirin paylaşımında həmçinin Avropa ictimaiyyətinə ünvanlanan sual da yer alıb.

“Biz kapitulyasiya etməliyik, yoxsa Avropanı yenidən güclü etməliyik?”, deyə  sual edib.

Sikorskinin postunda keçirilən sorğunun nəticələrinə əsasən, cavab verənlərin böyük əksəriyyəti Avropanın yenidən güclənməsi variantını dəstəkləyib.

Ekspertlər hesab edirlər ki, bu bəyanat Avropada artan geosiyasi narahatlıqların fonunda səslənib. Texnologiya nəhənglərinin və qeyri-Avropa oliqarxlarının siyasi təsir imkanlarının genişlənməsi ilə bağlı müzakirələr son aylarda daha da intensivləşib. Sikorskinin açıqlaması isə NATO və Aİ daxilində strateji birlik çağırışlarını yenidən gündəmə gətirib.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr