AZ

Telegram hesaba SMS və parol olmadan giriş imkanı yaradan yeni funksiyasını istifadəyə verib

İstifadəçilər şəxsi identifikasiyanı Face ID, Touch ID və ya kod-parol vasitəsilə təsdiqləyərək giriş açarı yarada biləcəklər...

Poliqon xəbər verir ki, Telegram messenceri istifadəçi hesablarına daxil olmanı sadələşdirən və təhlükəsizliyi artıran yeni funksiyanı, Passkey (giriş açarı) sistemini istifadəyə verib. Bu yenilik hesab sahiblərinə əlavə SMS kodlarına və ənənəvi parol daxil etməyə ehtiyac olmadan öz profillərinə daxil olmağa imkan yaradır.

Məlumata görə, yeni funksiyanı aktivləşdirmək üçün tətbiqin “Konfidensiallıq” bölməsinə keçmək kifayətdir. Burada istifadəçilər xüsusi giriş açarı yarada və şəxsiyyətini təsdiqləmək üçün cihazın biometrik imkanlarından, Face ID, Touch ID və ya kod-paroldan istifadə edə bilərlər.

Telegram bildirir ki, yaradılmış giriş açarı birbaşa istifadəçinin cihazında saxlanılır və buludda yerləşdirilmir. Bu, hesabın üçüncü şəxslər tərəfindən ələ keçirilməsi riskini əhəmiyyətli dərəcədə azaldır və daxilolma prosesini həm sürətli, həm də daha təhlükəsiz edir.

Passkey texnologiyası parol idarəetmə sistemlərində saxlanılan kriptoqrafik açarlara əsaslanır. İstifadəçi Telegram-a daxil olmaq istədikdə, sistem cihazda mövcud olan həmin açarı yoxlayır və uyğunluq təsdiqlənərsə, əlavə SMS təsdiqi tələb olunmadan hesab açılır.

Mütəxəssislər hesab edir ki, bu yenilik messencerin təhlükəsizlik səviyyəsini artırmaqla yanaşı, istifadəçi rahatlığını da gücləndirəcək. Son illər parol oğurluqları və SMS-intersepsiya halları fonunda biometrik giriş sistemlərinə keçidin qlobal tendensiya olduğu qeyd edilir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr