Görüş Qəzza üzrə atəşkəs razılaşmasının icrası və tərəflər arasında yaranmış böhranın aradan qaldırılması məqsədi daşıyır...
Poliqon xəbər verir ki, ABŞ, İsrail və Qətər bazar günü Nyu-Yorkda yüksək səviyyəli üçtərəfli görüş keçirib. Axios-un iki mənbəyə istinadən yazdığına görə, tərəflər Qətərin paytaxtı Dohaya endirilən uğursuz İsrail hava zərbəsindən sonra pozulan münasibətləri bərpa etmək məqsədilə bir araya gəliblər.
Bu, Qəzza müharibəsinin dayandırılması barədə əldə olunan razılaşmadan sonra üç ölkə arasında keçirilən ilk bu cür yüksək səviyyəli toplantıdır. Həmin razılaşmada Qətər əsas vasitəçi rolunu oynamışdı. Görüş həm də ABŞ administrasiyasının Qəzza üzrə sülh prosesinin yeni mərhələyə keçdiyini elan etməyə hazırlaşdığı bir vaxtda baş tutub.
Görüşə Ağ Evin nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. Mənbələrin məlumatına görə, İsraili “Mossad”ın rəhbəri David Barnea, Qətəri isə yüksək rütbəli rəsmi təmsil edir. Xatırladaq ki, 9 sentyabrda İsrail aviasiyası Dohada HAMAS rəhbərliyinə misli görünməmiş zərbə endirmişdi. Hədəfdə olan liderlər sağ qalsa da, bir qətərli mühafizəçi həlak olmuşdu. Bunun ardınca Qətər vasitəçilik rolundan imtina etdiyini açıqlamış, ərəb ölkələri isə İsrail hökumətini kollektiv şəkildə qınamışdı. ABŞ administrasiyası həmin vaxt Netanyahunu atəşkəsə razı salmağa məcbur olmuşdu.
Hadisələrdən sonra sentyabr ayında Binyamin Netanyahu ABŞ prezidentinin israrı ilə Ağ Evdən Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tanini telefonla arayaraq hava zərbəsinə görə rəsmi üzrxahlıq bildirmişdi. Bunun nəticəsində Qətər vasitəçilik fəaliyyətini bərpa etsə də, iki ölkə arasında münasibətlər gərgin olaraq qalıb.
ABŞ böhranı aradan qaldırmaq üçün yeni üçtərəfli mexanizm təklif edib. Məqsəd koordinasiyanı gücləndirmək, tərəflər arasında kommunikasiya kanallarını genişləndirmək, qarşılıqlı ittihamları müzakirə edərək qarşısını almaq və təhlükələrin önlənməsi üçün kollektiv səyləri artırmaqdır. Bazar günü keçirilən görüş bu mexanizm çərçivəsində ilk toplantıdır.
Netanyahunun bu formatda Qətərin “Müsəlman Qardaşları” hərəkatını dəstəkləməsi, Qətər tərəfindən maliyyələşdirilən Al Jazeera telekanalının İsrail əleyhinə verilişləri və Qətərin ABŞ universitetlərindəki anti-israil ovqatına təsiri barədə şikayətlərini təqdim edəcəyi gözlənilir.
Bununla belə, görüşün əsas mövzusu böyük ehtimalla Qəzzada sülh sazişinin icrası olacaq. Söhbət xüsusilə HAMAS-ın tərksilahı və yeni mərhələyə keçid prosesinin digər həssas aspektlərindən gedir.
Axios vurğulayır ki, İsrail–Qətər münasibətləri uzun illərdir İsraildə siyasi mübahisələrin ən kəskin mövzularından biridir. Netanyahunun tələb etdiyi 2018–2023-cü illər üzrə Qətərin HAMAS-a etdiyi ödənişlər təşkilatın Qəzzanın idarə edilməsinə dəstək üçün nəzərdə tutulsa da, faktiki olaraq qruplaşmanın hərbi gücünü artırmasına xidmət etmiş və 7 oktyabr hücumlarından sonra ciddi mübahisə mövzusu olmuşdur.
Eyni zamanda, Netanyahunun bir neçə yaxın müşaviri Qətərdən pul almaqda ittiham olunur. İstintaqlara əsasən, bu ödənişlərin məqsədi Qətərin imicini İsraildə və beynəlxalq aləmdə yaxşılaşdırmaq olub — o cümlədən müharibə dövründə.
Poliqon.info