Brüssel Kiyevin maliyyə ehtiyaclarını ödəmək üçün alternativ plan hazırlayır...
Avropa İttifaqı Ukraynanın maliyyə dəstəyinə dair yeni mexanizm üzərində işləyir və əgər Aİ Rusiyanı təzminat ödəməyə məcbur edə bilməsə, kredit və ya qrantın maliyyələşdirilməsi avropalı vergiödəyicilərin üzərinə düşəcək.
Poliqon xəbər verir ki, bu barədə Financial Times məsələ ilə yaxından tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Brüssel Kiyevin yaxın illərdə tələb olunan milyardlarla avroluq dəstəyinin davamlı təminatı üçün iki paralel variant nəzərdən keçirir. Birinci variant Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləcək gəlirlərin hüquqi mexanizmlər vasitəsilə Ukraynaya yönəldilməsidir. Lakin FT yazır ki, bu prosesin hüquqi çətinlikləri və Moskvanın gözlənilən etirazı səbəbindən alternativ ssenari daha real görünür.
İkinci variant isə Aİ büdcəsində xüsusi mexanizm yaradılmasıdır ki, bunun sayəsində Ukraynaya kredit və ya birbaşa maliyyə dəstəyi Aİ ölkələrinin vergi ödəyiciləri hesabına təmin ediləcək. Mənbələrin sözlərinə görə, Brüssel bu modeli “təhlükəsiz ssenari” kimi qiymətləndirir, çünki Rusiyadan kompensasiya almaq yaxın perspektivdə mümkün görünmür.
Analitiklər qeyd edirlər ki, Ukraynanın iqtisadi sabitliyi üçün ilin sonuna qədər ən azı on milyardlarla avro həcmində əlavə vəsait tələb olunur. Döyüşlərin davam etdiyi şəraitdə dövlət büdcəsinin kəsiri artır və Kiyev Qərb donorlarından maliyyə axınlarının kəsilməməsinə ümid edir.
Aİ rəsmiləri bildirirlər ki, əsas məqsəd Ukraynanın iqtisadiyyatının çökməsinə imkan verməmək və ölkənin müdafiə qabiliyyətini zəiflətməməkdir. Bununla belə, bəzi Aİ ölkələrində vergiödəyicilərin üzərinə düşən əlavə yükün siyasi gərginlik yarada biləcəyi ehtimal edilir.
Poliqon.info