Stokholm, 8 dekabr, Nərgiz Cəfərli, АZƏRTAC
Fransız rəssamı Anri Matissə məxsus səkkiz əsər Braziliyanın San-Paulu şəhərindəki kitabxanadan oğurlanıb.
AZƏRTAC-ın yerli mediaya istinadla verdiyi məlumata görə, iki silahlı şəxs Mario de Andrade kitabxanasından bu əsərləri oğurlayıb. Cinayətkarlar, həmçinin braziliyalı rəssam Kandido Portinarinin beş əsərini də aparıblar.
Əsərlər kitabxana ilə San-Paulu Müasir İncəsənət Muzeyi arasında əməkdaşlığa həsr olunmuş “Kitabdan muzeyə” adlı müasir incəsənət sərgisində nümayiş etdirilirdi. Sərginin bazar günü başa çatması planlaşdırılırdı.
Rəsmi qurumlar hələlik oğurlanan əsərlərin dəyəri barədə məlumat verməyiblər.