AZ

Netanyahu: Suriyanın cənubundan çıxmağı planlaşdırmırıq

BAKI, 8 dekabr. TELEQRAF

İsrail Suriyanın cənubunda yerləşən bufer zonadan çıxmağı planlaşdırmır.

Teleqraf yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu səfirlərlə görüşündə bildirib.

Baş nazir Suriyanın cənubunun silahsızlaşdırılması ilə bağlı Dəməşqlə razılaşmaya ümid etdiyini, amma buna baxmayaraq həmin bölgədə qalmaq istədiklərini söyləyib.

Suriya Prezidenti Əhməd Şaraa noyabrın 6-da İsraili başqa ölkələrə böhran ixrac etməkdə günahlandırıb. Prezident bununla İsrail ordusunun Suriyanın cənubunda davamlı hücum və hava zərbələrinə işarə edib. Şaraa 1974-cü il atəşkəs xətti və qüvvələrin ayrılmasını müəyyən edən razılaşmanın bərpasına çağırıb. Bu razılaşma 1973-cü il oktyabr müharibəsindən sonra İsrail və Suriya qüvvələri arasında xətti müəyyən edirdi.

Netanyahu ötən həftə demişdi ki, Suriyadan paytaxt Dəməşqdən başlayaraq İsrailin ilhaq etdiyi Qolan yüksəkliklərinə qədər uzanan bufer zona yaratmasını gözləyir.

Ötən ilin dekabrında keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra İsrail BMT-nin nəzarətində olan bufer zona (Qolan yüksəklikləri ilə Suriyanın nəzarətindəki bölgələr arasında) və Suriyanın nəzarətində olan dağlarda hərbçilər yerləşdirib.

Netanyahuya görə, bu bölgədə hərbi mövcudluq İsrail əhalisinin təhlükəsizliyi və sərhədyanı ərazilərdən mümkün hücumların qarşısını almaq üçün zəruridir.

Suriyanın xarici işlər naziri Əsəd Şibani dünən bəyan edib ki, Suriya hakimiyyət dəyişikliyindən sonra İsrail daxil olduğu ərazilərdən tam çıxmadan heç bir razılaşmaya getməyəcək.

Seçilən
47
teleqraf.com

1Mənbələr