Vətəninfo.az xəbər verir ki, dünən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fədahüseyn Maleki bildirib ki, Tehran ABŞ-nin nüvə danışıqları ilə bağlı təkliflərini rədd edib və hazırda Vaşinqtonla dialoqa girmək niyyətində deyil.
O, bir sıra deputatların xarici işlər naziri Abbas Əraqçı ilə görüşündən sonra hökumətin “ABŞ ilə danışıqlar yolunu tamamilə bağlamaq” mövqeyini yenidən vurğuladığını deyib. Malekinin sözlərinə görə, Vaşinqtondan göndərilən “dialoq mesajları” cavabsız qalıb.
Millət vəkili, habelə, bildirib ki, Amerika danışıqlara başlamaq üçün İranın uranın zənginləşdirilməsindən imtina etməsini ilkin şərt kimi irəli sürüb. Tehran isə bunu “qəbuledilməz” adlandıraraq, NPT müqaviləsinə əsasən bütün üzv ölkələrin zənginləşdirmə hüququna malik olduğunu xatırladıb.