Bakı, 8 dekabr, AZƏRTAC
Mərhum kəlbəcərli şair Sücaətin məcburi köçkünlüyün ilk illərində yazdığı “Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya köçən Kəlbəcər!” misrası bu günün reallığını əks etdirir. Sakinlərin sevinc və qürur hissləri ölçüyəgəlməzdir.
AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanan videoçarx ictimaiyyətə təqdim olunub. Videomaterial Bakıdan yola düşən sakinlərin doğma şəhərlərinə çatdığı anları, şəhərin müasir infrastrukturu ilə yanaşı, qayıdışın doğurduğu emosional və unudulmaz görüntüləri əks etdirir.
Kəlbəcərə qayıdış proqramı mərhələli şəkildə icra olunur və qayıdan hər bir ailənin sosial rifahının təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. Videoçarx həm qayıdış prosesinin miqyasını, həm də dövlət tərəfindən aparılan böyükmiqyaslı bərpa-quruculuq işlərinin nəticələrini nümayiş etdirir.
Materialda Kəlbəcərin yenidən dirçəlişinə verilən dövlət dəstəyinin, quruculuq işlərinin sürətləndirilməsinin və sakinlərin rahat məskunlaşması üçün müasir infrastrukturun yaradılmasının prioritet təşkil etdiyi xüsusi qeyd olunur.