AZ

Ermənistanı qoxuya salan təlimlər – Azərbaycan 3 super ordu ilə…

Ötən həftə Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib. Müdafiə Nazirliyi bildirir ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan ordusunun dəniz patrul təyyarəsi iştirak edib.

Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər. Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular da müşahidəçi qismində qatılıb. Bu da Ermənistanda ciddi təlaşa səbəb olub.

Armenianreport.com isə yazıb ki, davam edən regional gərginlik şəraitində hərbi potensialın artırılması ilə bağlı istənilən addımlar daha dərin təhlil tələb edir: “Bu, xüsusilə hazırda Azərbaycanla nəhayət sülhün bərqərar olacağına inanmağa çağırılan Ermənistana aiddir. Azərbaycan öz xarici siyasət sütunlarını uzun müddət və ardıcıl olaraq möhkəmləndirib. Türkiyə təkcə hərbi sahədə deyil, həm də siyasi və diplomatik sahədə onun üçün əsas strateji tərəfdaşa çevrilib. Birləşmiş Ştatlar NATO daxilində mövcud ziddiyyətlərə və Ankara ilə münasibətlərdə mürəkkəb gündəmə baxmayaraq, regionda tanış təsir aləti olan Türkiyə və Azərbaycanla hərbi dialoqu davam etdirir. Pakistan ordusunun iştirakı da təəccüblü deyil. İslamabad Qarabağ məsələsində açıq şəkildə Bakıya dəstək verib. Başqa sözlə, biz Azərbaycanın ətrafında, mahiyyət etibarilə, Qarabağ münaqişəsinin hərbi yolla həllində iştirak etmiş geniş hərbi-siyasi blokun formalaşdığını və möhkəmlənməkdə davam etdiyini bir daha görürük. Bu gün Bakı Cənubi Qafqaz regionundan kənarda təlimlər keçirir, hərbi əməkdaşlığın coğrafiyasını genişləndirir, Yaxın Şərq, Cənubi Asiya və Mərkəzi Asiya dövlətləri ilə kommunikasiyalar qurur. Bu, inamın və gücün nümayişidir”.

Azərbaycan NATO-da ən güclü orduları olan iki ölkə – ABŞ və Türkiyə, həmçinin nüvə silahına malik Pakistanla birgə hərbi təlimlərdə iştirak etməklə hərbi eskalasiyaya hazırlıq mesajı verirmi? Ermənilər nə üçün bu qədər təlaşa düşüblər?

Arif İsmayılbəyli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Arif İsmayılbəyli bildirib ki, hərbi təlimlər sülhə maneə deyil. Onun sözlərinə görə, hər bir dövlət üçün hərbi təlimlərin keçirilməsi silahlı qüvvələrin peşəkarlığının artırılması, şəxsi heyətin hazırlığının yoxlanılması və texniki imkanların yenilənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Azərbaycan dövləti də uzun illərdir bu praktikadan istifadə edir və müxtəlif ölkələrlə, xüsusilə qardaş Türkiyə və Pakistanla birgə keçirilən hərbi təlimlərdə fəal iştirak edir. Lakin bu faktların bəzi dairələr tərəfindən qəsdən təhrif olunması, guya sözügedən təlimlərin Ermənistan əleyhinə yönəldilmiş eskalasiya hazırlığı kimi təqdim edilməsi reallığı əks etdirmir”.

Politoloq vurğulayıb ki, ötən həftə Türkiyənin İzmir şəhərində keçirilən “Doğu Akdeniz–2025” beynəlxalq hərbi təlimi də bu qəbildən olan tədbirlərdən biridir:

“Qeyd etmək lazımdır ki, bu təlimlər heç bir dövlətə, o cümlədən Ermənistana qarşı yönəlməyib.

Təlimdə Azərbaycanla yanaşı Türkiyə, Amerika Birləşmiş Ştatları, Pakistan və daha 20-yə yaxın ölkənin hərbçilərinin iştirakı həmin tədbirin genişmiqyaslı və beynəlxalq xarakter daşıdığını açıq şəkildə göstərir. Bu isə “Doğu Akdeniz–2025” təlimini region üçün əhəmiyyətli hərbi tədbirlərdən biri kimi qiymətləndirməyə əsas verir”.

A.İsmayılbəylinin sözlərinə görə, buna baxmayaraq, bəzi erməni politoloqlarının bu məsələni həddindən artıq təşvişlə qarşılaması təəccüb doğurur:

“Onların hərbi təlimləri Azərbaycana qarşı sanki aqressiv niyyətlərin göstəricisi kimi təqdim etməsi əsassızdır. Eyni politoloqlar Azərbaycanı sülhə qarşı çıxmaqda da ittiham edirlər və iddia edirlər ki, Bakı sülh müqaviləsi prosesində yalnız diktə edən tərəf kimi çıxış etmək niyyətindədir.

Guya təqdim olunan sülh modeli gerçək sülh deyil, bir tərəfin öz mövqeyini digər tərəfə qəbul etdirməsindən ibarətdir. Lakin reallıq fərqlidir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti regional sabitliyin təmin olunması, sülhün möhkəmləndirilməsi və təhlükəsizliyin qorunmasına yönəlmiş addımlar atır. Keçirilən hərbi təlimlər də məhz bu məqsədlərə xidmət edir və beynəlxalq praktikaya tam uyğundur. Bu baxımdan Ermənistan tərəfinin və ya erməni politoloqlarının hər hansı təşvişə düşməsinə əsas yoxdur.

Nəticə etibarilə, vaxtaşırı keçirilən hərbi təlimlər hər zaman olub və bundan sonra da olacaq.

Bu, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək hüququnun tərkib hissəsidir və heç bir halda sülh prosesinə qarşı yönəlmiş addım kimi qiymətləndirilə bilməz”.

Seçilən
45
1
nocomment.az

2Mənbələr