ABŞ Konqresində təqdim olunan və Demokratlarla Respublikaçılar arasında razılaşdırılan cari maliyyə ili üçün müdafiə büdcəsi layihəsində Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun tərkibində yeni departamentin yaradılması nəzərdə tutulur.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni struktur Rusiyanın “təsir cəhdləri” və “zərərli fəaliyyətləri” ilə mübarizə aparmaqla məşğul olacaq.
Qeyd edilir ki, dövlət katibi Rusiyanın suveren ölkələrə təsirinin qarşısını almaq və ABŞ-nin müttəfiq və tərəfdaşlarına yönəlmiş fəaliyyətlərini izləmək üçün bu bölməni yaratmağa məcbur ediləcək.
Departament rəhbərliyi görülən tədbirlər barədə Konqressə hər rübdə hesabat verəcək. Layihəyə əsasən, yeni struktur qanun qüvvəyə mindikdən dörd il sonra fəaliyyətini dayandıracaq.
Qanunvericilər həmçinin dövlət katibi, müdafiə naziri və ABŞ Milli Kəşfiyyat direktorunun Balkan ölkələrinə qarşı iddia edilən Rusiya və Çin əməliyyatları barədə Konqressə mütəmadi hesabat təqdim etməsini tələb edirlər.
Layihədə 2022-ci ildə Prezident Co Bayden tərəfindən təsis olunan Arktika üzrə xüsusi səfir vəzifəsinin də qanunvericiliklə rəsmiləşdirilməsi əksini tapıb.
Qeyd edək ki, Konqresin hər iki palatasının üzvlərindən ibarət komissiya əvvəlcədən müdafiə büdcəsi layihələrinin detallarını uzlaşdırıb. Adətən razılaşdırılmış layihələr qısa müddətdə təsdiqlənir.