AZ

Əsədsiz Suriyanın birinci ili: Şaraa yenidən inqilabçı formasını geyindi - FOTO

BAKI, 8 dekabr. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa bu gün səhər paytaxt Dəməşqdəki Əməvi məscidində olub. Onun tarixi məscidə gəlişi keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsi ildönümünü qeyd edən çoxsaylı vətəndaşın iştirakı ilə müşayiət olunub.

Teleqraf xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.

Şaraa ictimaiyyət arasında Əsəd qüvvələrinə qarşı hərbi əməliyyatlara rəhbərlik etdiyi dövrdə geyindiyi hərbi formada görünüb. Əməvi məscidinin minbərindən çıxış edərək, Suriyanı şimaldan cənuba qədər qorumağa davam edəcəyini vurğulayıb.

Dekabrın 8-də suriyalılar Bəşər Əsəd və onun avtoritar hakimiyyətinin devrilməsinin birinci ildönümünü qeyd edirlər. Təkcə Dəməşq yox, bir neçə gündür Suriyanın bütün bölgələrində bayram tədbirləri keçirilir.

Xatırladaq ki, bir il əvvəl bu gün Bəşər Əsəd, hazırkı Prezident Əhməd Şaraanın rəhbərlik etdiyi qüvvələrin Dəməşqə nəzarəti ələ keçirməsindən sonra Suriyanı tərk edərək Rusiyaya qaçıb. Bu, 13 ildən çox davam edən, onun hakimiyyətinə qarşı üsyanla başlayan müharibənin sonunda baş verib.

Seçilən
37
teleqraf.com

1Mənbələr