İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də çıxış edib və dərman vasitələrinin pozitiv siyahıya daxil edilmə prosesini izah edib.
"Cebheinfo.az" xəbər verir ki, dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi ərizəçi tərəfindən təqdim olunan sənədlər toplusundakı məlumatların müəyyən olunmuş meyarlara uyğunluğunun qiymətləndirilməsinə əsaslanır. Təqdim olunmuş məlumatlar agentlik tərəfindən qiymətləndirilir və nəticəyə əsasən dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi, dəyişikliklərin qəbul edilməsi və ya imtina qərarı qəbul olunur.
Qərarlara uyğun olaraq pozitiv siyahı rübdə bir dəfə yenilənəcək. Həmçinin pozitiv siyahıda dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiyməti, şərti kompensasiya məbləği və müştərək maliyyələşmə məbləği də müəyyən ediləcək.
Müraciətlərin növündən asılı olaraq ilkin yoxlama 15 iş günü, əsas baxış isə 90 iş günü ərzində tamamlanır. Dəyişiklik üzrə müraciətlərə isə 30 iş günü ərzində baxılacaq.