AZ

Azərbaycan diasporunun komandası Aktauda minifutbol turnirinin qalibi olub

Astana, 8 dekabr, AZƏRTAC

Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının Manqistau vilayəti üzrə nümayəndəliyi tərəfindən “Qələbə birlikdədir” minifutbol turniri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Aktau şəhərindəki etnomədəni birliklər arasında keçirilən turnirdə burada yaşayan azərbaycanlıların “Dostluq” Etnomədəni Birliyinin komandası da iştirak edib. Həmvətənlərimizin komandası oyunlarda qələbələr qazanaraq finala yüksəlib və finalda “Rus icması” komandasını məğlub edərək turnirin qalibi olub.

Bu münasibətlə Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı “Dostluq” Etnomədəni Birliyinin komandasının üzvlərini, məşqçisini, birliyin sədrini və diaspor fəallarını qəbul edərək komandını turnirin qalibi olması münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar və yeni zəfərlər arzulayıb.

“Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, komandanın kapitanı Elçin Qocayev, məşqçi Eldəniz Heydərov və menecer Şahin Süleymanov çıxışlarında gələcəkdə vilayətdə keçiriləcək turnirlərdə xalqımızı layiqincə təmsil edəcəklərini bildiriblər. Komandanın yaradılma tarixi, qarşılaşdığı çətinliklər, lazım olan təminatlar barədə danışılıb və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda A.Süleymanlı turnirdə fərdi nominasiyalar üzrə “Ən yaxşı hücumçu” və “Ən yaxşı oyunçu” mükafatlarını qazanan Bayram Zaxaddinova, Ramil İsrapilova, eləcə də komandanın bütün üzvlərinə konsulluq adından təşəkkürnamələr təqdim edib və komandaya pul mükafatı verib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

 

Seçilən
31
azertag.az

1Mənbələr