AZ

Yas mərasimlərində israfçılıq - Adət, yoxsa qonşudan geri qalmamaq? -AÇIQLAMA

Son zamanlar yas mərasimlərində müşahidə olunan israfçılıq və qəbir daşlarına həddindən artıq pul xərclənməsi müzakirə olunan mövzular arasındadır. Bir çox bölgələrdə bu adətlərin ləğv edilməsi insanlar arasında düzgün ictimai davranışın formalaşdığını göstərir. Mövzu həm sosial, həm də maddi baxımdan diqqət tələb edir və cəmiyyətin öz-özünü tənzimləməsi burada xüsusi rol oynayır.

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Missiya.Az-a danışıb:

"​Əlbəttə ki, bu cəmiyyətdə müzakirə olunan bir məsələdir və ümumiyyətlə ehsan verilməsi bir sıra rayonlarda haqlı olaraq ictimai qərar əsasında qadağan olunub. Bu, cəmiyyətin özünü tənzimləmə mexanizminin düzgün işlədiyini göstərən çox müsbət bir haldır. Arzu olunur ki, oxşar qərarlar bütün Azərbaycanda da tətbiq olunsun, çünki bu cür mərasimlər çox vaxt artıq və lüzumsuz xərclərlə müşayiət olunur. Müvafiq xərclər daha çox sosial auditoriyaya hesablanmış, “qonşudan geri qalmamaq” düşüncəsinin nəticəsi olan davranışlardır. Belə adətlərin yığışdırılması həm sosial, həm də iqtisadi baxımdan daha məqsədəuyğundur",- sosioloq qeyd edib.

Üzeyir Şəfiyevin sözlərinə görə, mərasimlərin daha təvazökar və sadə keçirilməsi daha doğrudur və insanlara gərək sağlıqlarında dəyər verək. Ölümündən sonra göstərilən dəbdəbəli ehsanların ölüyə heç bir faydası yoxdur və bu, yalnız el-aləmə göstərmək məqsədi daşıyır. Bu isə nə məqbul, nə də məqsədəuyğundur. Üstəlik, valideynlərinə və yaxınlarına sağlıqlarında dəyər verməyən, amma ölümündən sonra böyük xərclərlə mərasim keçirən insanların davranışı cəmiyyətdə ikrah və qınaq doğurur.

"Eyni sözləri baş daşları ilə bağlı da demək mümkündür. Bəzən insanlar sağlığında yaxınlarına lazımi dəyəri vermir, amma öldükdən sonra dəbdəbəli baş daşları qoydururlar. Bu da eyni şəkildə göstəriş xarakteri daşıyır və heç bir real mənası yoxdur. Üstəlik, dini dəyərlərimizə də uyğun deyil. İslama görə qəbir sadə olmalı, zaman keçdikcə təbii şəkildə itməlidir ki, 30–40 ildən sonra həmin yerdə başqa bir dəfn mümkün olsun. Bu baxımdan baş daşlarına həddindən artıq pul xərcləmək həm dini, həm də sosial baxımdan əsaslı deyil. Bu sahədə ictimai tənzimlənməyə ehtiyac var və cəmiyyət özü bu istiqamətdə addımlar atmalıdır. Burada əsas rol dövlət və rəsmi qurumlara deyil, ictimaiyyətə düşür. Ümid edirəm ki, bu proses daha da sürətlənəcək və nəticədə Azərbaycanda bu kimi dəbdəbəli və mənasız adətlər tədricən aradan qalxacaq"-, deyə Üzeyir Şəfiyev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr