Amerika Birləşmiş Ştatlarının (ABŞ) Tehranla əldə olunan razılaşma çərçivəsində təxminən 50 İran vətəndaşını ölkəsinə geri göndərdiyi iddia olunur.
"Cebheinfo.az" xəbər verir ki, bunu "New York Times" qəzeti yazıb. Qəzetin razılaşma barədə məlumatlı iki iranlı rəsmiyə istinadən verdiyi xəbərə görə, bu deportasiya prosesi ABŞ-də Prezident Donald Tramp administrasiyasının sentyabr ayında İranla əldə etdiyi razılaşma əsasında həyata keçirilib.
Arizona ştatının Mesa şəhərindən havaya qalxan və Misir ilə Küveytdə dayanması planlaşdırılan təyyarənin, ərəb ölkələri və Rusiyadan deportasiya edilmiş şəxslərlə yanaşı, təxminən 50 İran vətəndaşını da daşıdığı iddia olunur.
Təyyarədəki iranlıların siyahısı barədə məlumatlı mənbələrdən biri bildirib ki, bu şəxslər ABŞ-yə cənub sərhədindən daxil olublar, aylarla saxlanma mərkəzlərində qalıblar və sığınacaq müraciətləri rədd edilib.
Deportasiya prosesi zamanı ABŞ rəsmiləri ilə sıx əməkdaşlıq edən iranlı rəsmilərdən biri bildirib ki, ərəb ölkələri və Rusiya vətəndaşları təyyarə Qahirəyə çatdıqda endiriləcəklər.
Həmin mənbənin sözlərinə görə, iranlılar daha sonra Küveytə gedəcək, oradan isə Küveyt Hava Yollarına məxsus çarter reysi ilə Tehrana yola salınacaqlar.
Qeyd edək ki, İran hökuməti ilə sentyabrda əldə olunan razılaşma çərçivəsində, ABŞ-də deportasiya riski ilə üzləşən təxminən 2 min iranlının ölkəsinə qaytarılması planlaşdırılır.