AZ

Binalarda mavi yanacaq QADAĞAN OLUNACAQ? – Ekspertlər deyir ki…

Son günlər, xüsusilə qış aylarında yaşayış binalarında baş verən dəm qazı zəhərlənmələri, partlayışlar və yanğınlar cəmiyyətdə ciddi təşviş yaradıb.

Ardıcıl faciələrdən sonra “yaşayış binalarında mavi yanacağın istifadəsi qadağan edilə bilərmi?” sualı gündəmin əsas mövzularından birinə çevrilib.

Statistikaya nəzər saldıqda da görünür ki, hər il onlarla insan məhz qazdan zəhərlənmə və ya partlayış nəticəsində həyatını itirir və ağır xəsarətlər alır.

Məsələ ilə bağlı NOCOMMENT.az-la fikirlərini bölüşən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, problemin kökündə əsasən nəzarətsizlik və istismar qaydalarına əməl olunmaması dayanır:

“Azərbaycanda qazlaşdırma səviyyəsi çox yüksəkdir və bu, əslində müsbət haldır. Ancaq problem ondadır ki, qaz avadanlıqları çox vaxt sertifikatsız olur, baca sistemləri standartlara uyğun qurulmur, havalandırma düzgün təşkil edilmir. İnsanlar kombiləri, qaz sobalarını özləri quraşdırır, ustaların peşəkarlıq səviyyəsi çox aşağı olur. Nəticədə dəm qazı geri qayıdır və insanlar bunu hiss etmədən zəhərlənir”.

Nüsrət Qasımov

Ekspert qeyd edir ki, hazırda yaşayış binalarında təbii qazın tam qadağan edilməsi real görünmür:

“Bu, nə iqtisadi, nə də sosial baxımdan mümkündür. Əhalinin böyük əksəriyyəti həm isitmə, həm də yemək bişirmə üçün mavi yanacaqdan istifadə edir. Alternativ enerji mənbələri isə hələ kütləvi şəkildə əlçatan deyil. Ona görə çıxış yolu qadağada yox, nəzarətin sərtləşdirilməsində, sertifikatlaşdırmanın gücləndirilməsində və texniki baxışların məcburi olmasındadır”.

Orxan Musayev

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev isə saytımıza baş verən partlayışların və yanğınların bir hissəsinin qaz sızmaları ilə birbaşa bağlı olduğunu deyir:

“Xüsusilə köhnə tikililərdə qaz xətləri həddindən artıq köhnəlib, borularda korroziya var, birləşmələrdə sızma baş verir. Digər tərəfdən, yeni tikililərdə də təhlükəsizlik qaydalarına ciddi əməl olunmur. Qaz detektorlarının olmaması, avtomatik bağlayıcı sistemlərin quraşdırılmaması, mənzillərdə fərdi şəkildə boruların dəyişdirilməsi böyük risk yaradır. Kiçik bir sızma belə qapalı məkanda partlayış üçün yetərlidir”.

Ekspertin sözlərinə görə, dəm qazı zəhərlənmələrinin əsas səbəbi yalnız qazın özü yox, havalandırmanın düzgün qurulmamasıdır:

“İnsanlar plastik pəncərələr quraşdırır, mənzili tam hermetik vəziyyətə salırlar. Nəticədə oksigen dövranı dayanır, baca çəkmir və dəm qazı otağa dolur. Bu zaman insan yuxuda olarkən belə faciə ilə üz-üzə qalır. Bu, birbaşa təhlükəsizlik qaydalarının pozulmasıdır”.

Tunar

Seçilən
19
nocomment.az

1Mənbələr