«Əvvəllər hər şey edə bilirdiksə, bu gün, demək olar ki, heç nə edə bilmirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Quba»nın prezidenti Ayaz Abdullayev deyib.
II Liqada mübarizə aparan şimal təmsilçisi son həftələrdə uğurlu seriya əldə edib. 11 tura 26 xal toplayan komanda medallar uğrunda yarışmanın mərkəzinə yer almağı bacarıb.
Hazırda turnir cədvəlinin üçüncü pilləsində olan qubalılar nəticə baxımından yüksəlişə keçsə də, klubun ümumi vəziyyəti heç də yaxşı deyil.
Hər halda Abdullayev maliyyə cəhətdən böyük çətinliklər yaşadıqlarını bildirib:
«Yeni mövsümə 20 futbolçu ilə başlamışdıq. Təqribən iki ay qabaq 11 nəfəri bizi atıb getdi.
Hal-hazırda komandada mənə inananlar qalıb. Hamısı mərd uşaqlardır.
Sifariş vərəqəsi limitlidir, ona görə də çox transfer edə bilmirik. Azad agent statusu daşıyanları bu dəqiqə də xeyli çətin məsələdir.
Bu səbəödən son həftələrdəki oyunlara 12-13 nəfərlə hazırlaşmalı oluruq. Bizə çətindir, həddindən artıq çətindir.
Maliyyə vəziyyətimiz də çətindir. Maaşları yarıbayarı ödəmək məcburiyyətində qalmışıq.
Hamı o formada əməkhaqqı alır. Komandanı çox böyük çətinliklə saxlaya bilirik.
Bu gün klubu yaşatmaq mənim üçün daha önəmlidir, nəinki hansısa nəticəni qazanmaq. Tamam, nəticə olarsa, nə gözəl…
Komanda yaxşı göstəricilər əldə edərsə, lap çox çevinərik. Olmaz da ki…
Son turda «Şəki»yə Bakıda 4:1 qalib gəldik. Bilirsiz ki, Elvin Həsənov ora bizdən gedib.
Baş məşqçinin gedişindən sonra çox xoşagəlməz şeylər yaşadıq. Amma mən futbolçulara tapşırdım ki, biz onunla prnsipi tamamilə kənara qoymalıyıq.
Futbol prinsiplərin üzərində qurulmayıb, bunun da mənası yoxdur. Çıxıb öz oyunumuzu oynadıq, şans da bizim tərəfdə oldu.
Heç kimlə prinsip aparmırıq və aparmayacağıq. Nə qədər ki mən burada rəhbərəm, belə də olacaq.
Komandamız döyüşür, amma heyətimiz zəifdir. Autsayder hesab etdiyimiz rəqiblərin qarşısında bəzən çox aciz qalırıq.
«Ağdaş», «Araz-Saatlı» və «Ağstafa Gəncləri» ilə qarşılaşmaları göstərə bilərəm. Komandamız bu dəqiqə uğurla qabağa getmir.
Mən əldə etdiyimiz nəticələri uğurlu hesab etmirəm. Biz vəziyyətimizi bilirik.
Başa düşürük ki, yüksək yerlər uğrunda sonadək mübarizə aparmaq üçün geniş heyətimiz olmalıdır. Qarşıdan «Xankəndi» ilə qarşılaşma gəlir.
Sarı vərəqə alan xeyli futbolçumuz var. Arzumuz yuxarı yerlərdir, amma bu, çempionluqdurmu?
Bunu hələ bilmirik. Yeni sponsorlarımız olsa, vəziyyətimiz dəyişsə, ona da nail olarıq».