AZ

Ermənistanın sərhəd mesajı: Regionda sülhün yeni qapısı açılır?

Cənubi Qafqazda son aylarda baş verən diplomatik aktivlik regionda yeni siyasi arxitekturanın formalaşmaqda olduğunu göstərir. Ermənistan rəhbərliyinin sərhədlərin açılması və kommunikasiya xətlərinin bərpasına dair müsbət mesajları ölkənin uzun illər davam edən təcriddən çıxmaq istəyini ortaya qoyur. Regional güclər arasında artan iqtisadi inteqrasiya cəhdləri fonunda Ermənistan–Azərbaycan münasibətlərində sülh gündəliyinin irəliləməsi yeni siyasi reallıqların yaranmasına zəmin yaradır. Bu kontekstdə Ermənistan XİN rəhbərinin son açıqlamaları təkcə ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun geosiyasi balansına təsir edə biləcək məqamlar kimi qiymətləndirilir.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın son bəyanatları regionda formalaşan yeni kommunikasiya dinamikasının sülh prosesinə mühüm təsir imkanlarını önə çıxarır:

“Türkiyə–Ermənistan sərhədinin açılması perspektivi bilavasitə Ermənistan–Azərbaycan arasında yekun sülhün əldə edilməsindən asılıdır və 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton bəyannaməsi bu prosesin davamlılığı üçün ciddi siyasi baza yaradır. Azərbaycanın iqtisadi və geosiyasi üstünlükləri Türkiyənin regional strateji mövqeyi ilə birləşərək yeni kommunikasiya xətlərinin məhz Azərbaycanın maraqları çərçivəsində fəallaşmasına şərait yaradır. Mirzoyanın sülh sazişinin paraflanması və Minsk strukturlarının ləğvi ilə bağlı mövqeyi Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallığı qəbul etməyə məcbur olduğunu göstərir. “Tramp yolu” kimi yeni logistika layihələri Azərbaycanın tranzit rolunu gücləndirməklə yanaşı, Ermənistan üçün də iqtisadi nəfəs yolu açır. Azərbaycan–Gürcüstan–Ermənistan dəmir yolu ilə ilk yüklərin daşınması Ermənistanın regional iqtisadi sistemə inteqrasiya olunmaq üçün Azərbaycana ehtiyac duyduğunu təsdiqləyir. Türkiyə–Azərbaycan tranzit xəttinə qoşulmağa hazır olması isə Ankara–Bakı tandeminə uyğunlaşmaq məcburiyyətini ortaya qoyur”.

Onun sözlərinə görə, bütün bu proseslər bölgədə sülhün geri dönüşsüz xarakter almasına və Ermənistanın əvvəlki iddialarından faktiki şəkildə imtina etməsinə gətirib çıxarır:

“Azərbaycanın enerji diplomatiyası və Türkiyənin hərbi-iqtisadi dəstəyi Ermənistanı daha realist mövqe tutmağa məcbur edir. Vaşinqton bəyannaməsi isə Azərbaycanın beynəlxalq legitimlik qazanmış mövqeyini daha da gücləndirir. Kommunikasiya xətlərinin açılması Ermənistanın iqtisadi bərpa üçün Azərbaycana və Türkiyəyə bağlı olduğunu açıq şəkildə nümayiş etdirir. Mirzoyanın verdiyi müsbət mesajlar Ermənistanın keçmiş revizionist yanaşmadan uzaqlaşdığını və regionun siyasi gündəminin Azərbaycan–Türkiyə tərəfdaşlığının müəyyən etdiyi çərçivədə formalaşdığını göstərir. Bu proseslər Ermənistan üçün real sülh imkanları yaradır”.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
111
26
editor.az

10Mənbələr