AZ

Ölkəni bürüyən DƏHŞƏTLİ yanğınlar – Səhlənkarlıq, yoxsa TƏXRİBAT?

Son aylarda Azərbaycanda ard-arda baş verən yanğın hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Paytaxt Bakıda olduğu kimi, regionlarda da yaşayış evlərində, çoxmərtəbəli binalarda, obyektlərdə baş verən yanğınlar insan tələfatı ilə nəticələnir.

Tüstüdən boğulma, partlayış və kütləvi təxliyə halları artıq adi xəbərə çevrilmək üzrədir.

Sonuncu belə ağır hadisə Lökbatanda qeydə alınıb və nəticədə 4 nəfər həyatını itirib. Bundan əvvəl Yevlaxda, Yasamalda və digər ərazilərdə baş verən yanğınlar da ölüm və xəsarətlərlə yadda qalıb.

Cəmiyyət haqlı olaraq sual edir: Bu qədər intensiv və faciəvi yanğınların arxasında nə dayanır – texniki nasazlıq, səhlənkarlıq, yoxsa məqsədli təxribat?

Elmar Nurəliyev

NOCOMMENT.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev hesab edir ki, baş verənlərin əsas səbəbi illərlə yığılıb qalmış sistem problemləridir:

“Binaların əksəriyyətində elektrik xətləri həddindən artıq yüklənib, naqillər köhnəlib və normativlərə uyğun deyil. Qaz təsərrüfatında da ciddi boşluqlar var. Bundan əlavə, çoxsaylı yeni tikililərdə yanğın siqnalizasiya sistemləri, tüstü detektorları, avtomatik söndürmə mexanizmləri ya ümumiyyətlə yoxdur, ya da formal xarakter daşıyır. Təxliyə yollarının qarajlara, obyektlərə çevrilməsi isə fövqəladə hallarda insanları tamamilə tələyə salır”.

Ekspert həmçinin bildirir ki, son dövrlərdə qızdırıcı cihazlardan nəzarətsiz istifadə, kustar üsulla çəkilmiş elektrik xətləri və qeyri-peşəkar müdaxilələr riskləri daha da artırır:

“Qış mövsümündə elektrik yüklənməsi artır, insanlar təhlükəsizlik qaydalarına əməl etmədən qızdırıcıları gecə boyu açıq saxlayırlar. Bu isə qısaqapanma və partlayış riskini dəfələrlə yüksəldir. Mövcud vəziyyət tək bir səbəblə izah edilə bilməz. Burada həm texniki köhnəlmə, həm insan məsuliyyətsizliyi, həm nəzarətsizlik, həm də bəzi hallarda cinayət ehtimalı paralel şəkildə rol oynayır. Təhlükəsizlik standartları sərtləşdirilmədiyi, real nəzarət mexanizmləri qurulmadığı və ictimai məsuliyyət artırılmadığı təqdirdə bu tip faciələrin yenidən təkrarlanması istisna deyil”.

Yanğınların bir qisminin səhlənkarlıqdan qaynaqlandığı bildirilsə də, cəmiyyətdə məqsədli təxribat ehtimalları da müzakirə olunur.

Əkrəm Həsənov

NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov isə bu mövzuya hüquqi aspektdən yanaşır:

“Əgər yanğın faktı texniki səbəblərlə yanaşı, ehtiyatsızlıq, qayda pozuntusu və ya məsul şəxslərin vəzifə borcunu yerinə yetirməməsi nəticəsində baş veribsə, bu, artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinə əsasən, yanğın təhlükəsizliyi qaydalarının pozulması insan ölümü ilə nəticələnərsə, ağır cəza nəzərdə tutulur”.

Hüquqşünasın sözlərinə görə, əgər istintaq zamanı yanğının qəsdən törədildiyi sübuta yetirilərsə, bu, artıq terror, təxribat və ya qəsdən adam öldürmə maddələri ilə tövsif edilə bilər:

“Bu cür hallar dövlət təhlükəsizliyi ilə bağlı məsələdir və ən ağır hüquqi məsuliyyət tədbirləri tətbiq olunur”.

Tunar

Seçilən
10
nocomment.az

1Mənbələr