AZ

Mehdiyev-Kərimli birliyi: Gizli əlaqələr, birgə "layihə"lər - Deputatdan ilginc açıqlamalar

"İllər boyu dövlət quruculuğunda rol oynadığı iddia edilən, lakin sonradan öz siyasi davranışı ilə ictimai etimadı dağıdan şəxslər, o cümlədən Ramiz Mehdiyev kimi fiqurlar xəyanətin ən təhlükəli formasını reallaşdırmış olurlar.

Dövlət sistemində uzun illər mövqe tutan, özünü ideoloji dayaqlardan biri kimi təqdim edən bir şəxsin zaman keçdikcə özünü müxalifət adlandıran radikal qruplarla, xüsusilə də Əli Kərimli kimi siyasi xəttinin mahiyyəti xarici təsirlərlə dəfələrlə gündəmə gəlmiş adamlarla yaxınlaşması, əslində, mənəvi-siyasi xəyanətin təzahürüdür".

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, bunu deputat Sadiq Qurbanov bildirib.

Onun sözlərinə görə, bu cür əlaqələr yalnız şəxsi reputasiya məsələsi deyil, dövlətin institusional bütövlüyünə, xalqla hakimiyyət arasında olan etibar münasibətlərinə vurulan ciddi zərbədir.

Deputatın fikrincə, ən acınacaqlısı odur ki, bu şəxslər köləlik psixologiyasından azad ola bilməyərək, milli maraqlara qarşı mövqe tutmaqda davam edirlər:

"Onların davranışı zamanla dəyişsə də, mahiyyəti dəyişmir – milli birliyi sarsıtmaq, siyasi sabitliyi pozmaq və ölkənin strateji inkişafına əngəl yaratmaq əsas fəaliyyətləri olub. Belə şəxslər, istər daxildə, istər xaricdə, 5-ci kolon nümayəndələri kimi fəaliyyət göstərməklə dövlətin əxlaqi və siyasi dayanıqlığını sınamağa çalışırlar.

Bu vəziyyət göstərir ki, milli və dövlət maraqlarına qarşı yönəlmiş hər bir destruktiv fəaliyyət siyasi olmaqla yanaşı, həm də mənəvi faciədir. Xalq və dövlət bu kimi hallardan daim ayıq olmalı, milli birliyi qorumaq və sabitliyi təmin etmək üçün hər bir addımı diqqətlə atmalıdır.

 

Sadiq Qurbanov

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı fövqaladə uğurlara kölgə salmağa çalışan, ən yaxşı halda isə “bu barədə sual verməyin, danışmaq istəmirəm” deyən “akademik” Ramiz Mehdiyev ilə 44 günlük Vətən müharibəsi zamanı iqtidarı və hakimiyyəti dəstəkləməyən, xalqın yanında olmayan Əli Kərimli tandeminin ideoloji yaxınlığı artıq açıq şəkildə üzə çıxmışdır. Bu tandem yalnız siyasi baxımdan deyil, həm də mənəvi və ideoloji baxımdan oxşar mövqe nümayiş etdirir, hər iki şəxsin davranışları və mövqeləri Azərbaycan xalqının milli maraqlarına qarşı çıxmaqla yanaşı, tarixi məsuliyyəti də yerinə yetirmədiklərini göstərir.

Azərbaycan xalqının ərazi bütövlüyünü təmin etməsi və müstəqil dövlətçilik prinsiplərini qoruması isə vaxtilə guya əks qütblərdə dayanan hər iki şəxsi bir qütbdə birləşdirdi. Belə görünür ki, dövlət maraqlarının təcili və həyati əhəmiyyəti onları bir araya gətirdi, lakin bu, onların mənəvi və ideoloji məsuliyyət daşımadığı gerçəyini dəyişdirmir".

Deputat qeyd edib ki, vaxtilə Milyarderlər İttifaqında və Milli Şurada gizli əməkdaşlıq edən bu qüvvələr indi açıq şəkildə fəaliyyət göstərməyə başladılar:

"Onların hərəkətləri siyasi oyunbazlıqla yanaşı, həm də milli və dövlət maraqlarına qarşı yönəlmiş ciddi təhdid kimi dəyərləndirilməlidir. Əli Kərimli hətta Ramiz Mehdiyevin həbsinə isterik münasibət göstərərək onu pisləyir və açıq şəkildə bildirir ki, bu, Ramiz Mehdiyevin üzərində qələbə hesab olunmur. Bu davranış yalnız şəxsi ambisiyaların və qisas hissinin təzahürü deyil, eyni zamanda dövlətçiliyə və xalqın maraqlarına qarşı ideoloji bir müqavimətdir.

Bu tandem, yəni Ramiz Mehdiyev və Əli Kərimli birliyi, həm tarixi, həm də siyasi kontekstdə Azərbaycan cəmiyyətinə qarşı məsuliyyətsiz mövqe nümayiş etdirir. Onların hərəkətləri, açıq və gizli əlaqələri, həm daxildə, həm də xaricdə həyata keçirilən fəaliyyətləri bir daha göstərir ki, anti-milli və destruktiv meyillər yalnız fərdi deyil, struktur və institut səviyyəsində də təhlükə yarada bilər.

Bundan sonra onların tör-töküntüləri daha da fəallaşmağa başladı. İmişlidə yaxasına Georgi lenti bağlayaraq öz nökər psixologiyasını nümayiş etdirən Saleh Səmədovun hərəkətləri, Azərbaycan dövlətinin və ictimaiyyətin sərt reaksiyasına səbəb oldu. Bu hadisə göstərdi ki, milli həmrəylik və dövlətin ərazi bütövlüyü qarşısında heç bir fərdi ambisiya və ideoloji çirkin niyyət dayana bilməz. Belə davranışlar yalnız şəxsi məsuliyyətsizlik kimi deyil, həm də cəmiyyətin təhlükəsizliyinə və dövlət nizamına qarşı açıq təhdid kimi qiymətləndirilməlidir.

Lakin bu cəhdlər səngimədi. Son günlərdə SSRİ və Azərbaycan SSR-nin bayraqları ilə yürüş təşkil etmək istəyən Abdulla İbrahimli və İbrahim Əsədli adlı anti-milli ünsürlər, Daxili İşlər Nazirliyi tərəfindən keçirilən səmərəli və vaxtında tədbirlər nəticəsində saxlanıldılar. Barələrində cinayət işi açıldı və bu, yalnız hüquqi tədbir kimi deyil, həm də dövlətin vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəlmiş ciddi profilaktik addım kimi qiymətləndirildi. Bu hadisə bir daha göstərdi ki, ayıq-sayıqlıq, vaxtında müdaxilə və hüquqi tədbirlər olmadan destruktiv qüvvələr cəmiyyət və dövlət üçün təhlükə mənbəyi olaraq qalmağa davam edər".

"Cebheinfo.az"

Seçilən
19
50
cebheinfo.az

10Mənbələr