AZ

11 mindən artıq sakinin həyatı təhlükədə: birtərəfli körpüdə çatlar yarandı – AADYA “qəzalı vəziyyət yoxdur” dedi

Şəkidə 11 mindən artıq sakinin hər gün istifadə etdiyi birtərəfli körpü hər an uça bilər.

Şəkinin Baş Göynük kəndi ərazisindən keçən Şin çayı üzərində 20 il öncə, quraşdırılan dəmir körpü ensiz və qəzalı vəziyyətdədir.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, körpüdə nəqliyyat vasitələrinin keçidində problemlər yaranır.

Körpüdə yaranan çatlar ağır tonnajlı avtomobillərin hərəkəti zamanı daha qabarıq nəzərə çarpır.

Körpünün bir tərəfində Baş Göynük və Baş Şabalıd, digər tərəfində isə Baş Layısqı, Qumux və Şin kəndləri yerləşir.

Sakinlərin sözlərinə görə, körpünün giriş və çıxışında tez-tez tıxaclar yaranır ki, bu da vaxt itkisi ilə bərabər qəza riskini artırır.

Baş Göynük kənd bələdiyyəsindən bildirilib ki, həmin körpü bələdiyyənin balansında deyil. Buna baxmayaraq bələdiyyə tərəfindən körpüdə zaman-zaman təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirdi ki, sözügedən körpü iddia olunduğu kimi qəzalı vəziyyətdə deyil:

“Körpüyə baxış keçirilib və onun istismara tam yararlı olduğu müəyyən edilib.

Sadəcə olaraq təmirə ehtiyacı var və təmir işlərinin görülməsi nəzərdə tutulub. Körpü inşa edilərkən yalnız 1 nəqliyyat vasitəsinin hərəkəti üçün nəzərdə tutulub. Sakinlər isə iki hərəkət zolaqlı yeni bir körpünün tikilməsini istəyirlər. Bununla bağlı tərəfimizdən təkliflər hazırlanaraq aidiyyəti qrumlara təqdim olunub. Çıxarılacaq qərardan asılı olaraq gələcəkdə tərəfimizdən müvafiq addımlar atılacaq”.

Seçilən
41
nocomment.az

1Mənbələr