AZ

Sumqayıtda körpə ölümü: “Onlar 42 dərəcəyə də dözür” əfsanəsi dağıldı

“Körpələrin qızdırmaya qarşı dözümlülüyü haqqında danışarkən, çox vaxt eşidirik ki, körpələr qızdırmaya daha dözümlüdürlər. Amma bu fikir tamamilə doğru deyil. Əslində, körpələrin bədən temperaturu tənzimləmə sistemi hələ tam inkişaf etməyib, buna görə də onlar böyüklərə nisbətən daha həssasdırlar”.  

Bu sözləri “Yeni Sabah”a pediatr Aytən Ziyadova deyib.

O, Sumqayıtda ev şəraitində bu il fdoğulmuş körpənin yüksək temperaturdan ölümü faktını şərh edib. 

Xatırladaq ki, TƏBİB həmin hadisənin ötən Bazar günü saat 13:30 radələrində olduğunu bildirib. Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunmuş qızcığazın ölümü xəstəxanaya qədər qeydə alınıb.  

A. Ziyadova vurğulayıb ki, bədən temperaturunun tənzimlənməsi bir çox mühüm amilin balansını qoruyaraq, orqanizmin fəaliyyətini təmin edən bir mexanizmdir:

“Körpələrdə bu sistem hələ tam inkişaf etmədiyindən, yüksək qızdırma onların sağlamlığı üçün böyük təhlükə yarada bilər. Xüsusən, 38-39°C və ya daha yüksək temperatur olduqda, bu, bədənin həddindən artıq istilik yığmasına və nəticədə beyin zədələnməsinə səbəb ola bilər. Bu, körpənin həyatını təhdid edə biləcək ciddi vəziyyətlərə gətirib çıxara bilər. Körpələrin immun sistemi də inkişaf etməkdədir. Buna görə onlar infeksiyalara qarşı daha həssasdırlar.

Yüksək qızdırma isə çox vaxt infeksiyanın əlamətidir. Bədənin yüksək temperaturu, infeksiya ilə mübarizə məqsədilə artır, amma eyni zamanda bu, bədənin normal funksiyalarını pozan bir vəziyyətə çevrilə bilər.

3 aylıq və daha kiçik körpələrdə yüksək qızdırma, dərhal tibbi müdaxilə tələb edir. Bu yaşdakı körpələrdə yüksək temperatur ciddi problemlər yarada bilər, hətta qıcolma keçirmələrinə və həyat təhlükəsi yaratmasına səbəb ola bilər.

Qızdırma 39°C və ya daha yüksək olduqda, dərhal həkimə müraciət etmək vacibdir. Körpənin bədənini soyuq su ilə silmək, ona istirahət vermək və bol maye qəbul etdirmək faydalı ola bilər, amma əsas olan tibbi yardım almaqdır. Qızdırma hər zaman infeksiyanın əlaməti olmaya bilər, amma körpənin bədəninin yüksək temperatura qarşı reaksiyası həddindən artıq ola bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
47
2
yenisabah.az

3Mənbələr