Bakı, 8 dekabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Serbiyanın sabiq prezidenti Boris Tadiç Banqladeşə səfəri çərçivəsində bu ölkənin Baş müşaviri, Nobel mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında mövcud əməkdaşlıq, birgə təşəbbüslər və gələcək planlar müzakirə edilib. Qeyd olunub ki, Mərkəz M.Yunusla uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirir və qarşıdakı dövrdə əməkdaşlığın genişlənməsini önəmli hesab edir.
Görüşdə, həmçinin Banqladeşdə aparılan sosial-iqtisadi islahatlar və onların dayanıqlı inkişaf üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Mərkəz bu prosesləri dəstəkləyir və gələcək əməkdaşlığa açıqdır.