Əlinə və ya bədəninin hər hansı hissəsinə iti və ya paslı dəmir əşya batan şəxslər bunu yüngül bir xəsarət kimi qiymətləndirməməlidir. Çünki belə yaralanmalar infeksiya, irinləmə və tetanus kimi ciddi fəsadlara yol aça bilər.Metbuat.az-ın məlumatına görə, əgər dəmir əşya dərini deşibsə, ilk olaraq həmin nahiyə axar su ilə yuyulmalı, qanaxma varsa, steril tənziflə yüngül sıxılaraq dayandırılmalıdır. Yaranın içində qalan parça və ya qırıntı çıxarılmamalı, əksinə, vətəndaş dərhal tibb müəssisəsinə müraciət etməlidir. Həkimlər bildirirlər ki, yaralanmadan sonra qısa müddətdə tetanus əleyhinə peyvəndlənmə həyati əhəmiyyət daşıyır. Əks halda, paslı məftil və ya dəmir alətlərin vurduğu zədələr sinir sisteminə təsir edən təhlükəli infeksiyalara səbəb ola bilər.Nəzərə almaq lazımdır ki, ən kiçik deşici xəsarət belə ciddiyə alınmalı, xüsusilə çirkli və ya paslı alətlə təmasda yaranan yaralar üzrə özbaşına müalicədən çəkinmək lazımdır.Sevinc İbrahimzadə / Metbuat.az