ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İranın xarici işlər naziri Abbas Araqçi dekabrın 7-də Azərbaycana gəlib. XİN başçısı Prezident İlham Əliyevlə görüşüb və ikitərəfli münasibətlər müzakirə edilib.
Tehran rəsmisi həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da bir araya gəlib. XİN başçısı görüş zamanı İranla ikirəfəli dialoqun davam etdirildiyini vurğulayıb.
Araqçinin Bakı səfərinin məqsədi nədir? Mövcud siyasi vəziyyətdə bunu hansı amillər zəruri edirdi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İranın XİN başçısının Azərbaycana rəsmi səfəri kifayət qədər kritik dönəmə təsadüf edir:
“Bu səfərin bir neçə səbəbi var.
Birincisi, İran 12 günlük müharibədən sonra kifayət qədər həssas durumdadır. Qərb, ABŞ və İsraillə gərginliyi davam edir. Xüsusilə Vaşinqton Tehranın qarşısında sərt tələblər qoyur. Əsas məsələ İranın nüvə enerji proqramı ilə bağlıdır. Bundan başqa, İsrailin və ABŞ-ın İranın balistik raket istehsalı ilə bağlı narahatlığı var. Ona görə hazırda beynəlxalq vəziyyət kifayət qədər gərgin sayılır.
Prezident Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra İran siyasətində müəyyən korrektələrin olacağı gözlənilirdi. Son dövrlərdə Tehranın bütün qonşuları ilə münasibətləri gərgin idi. Bu, İranın 30 ildən artıq apardığı siyasətlə bağlıdır. Tehran bir çox qonşu ölkənin ərazisində özünün proksi qüvvələrini, agentura şəbəkələrini yaratmaqla təsir və nüfuzunu genişləndirmək, daxili işlərə təsir və təzyiq göstərmək marağı güdüb. Hazırda bu siyasətində də dəyişikliklər görünür. Hesab edirəm ki, ilk olaraq bu səfəri həmin kontekstdə dəyərləndirmək lazımdır.
Oqtay Qasımov
Araqçinin səfər zamanı həm Prezident İlham Əliyevlə, həm də Ceyhun Bayramovla bir neçə məsələni müzakirə edəcəyi gözlənilirdi. Əsasə məsələlər münasibətlərin normallaşdırılması, logistika, iqtisadi, siyasi əməkdaşlıq, nəqliyyat dəhlizləri layihələridir.
Cənubi Qafqazda təhlükəsizlik, sülh və əməkdaşlıq mühitinin yaradılması da diqqətdə olan məsələlərdəndir. Tərəflərin gündəliyində Azərbaycan və Ermənistan arasında sülh prosesinin də olması istisna deyil.
Ümumilikdə, Bakı-Tehran münasibətlərinin normallaşması müşahidə olunur. Artıq bu il İran prezidenti iki dəfə ölkəmizə səfər edib. Bu mənada, Araqçinin səfəri də münasibətlərin normallaşması baxımından çox vacibdir”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.