AZ

Londondakı Azərbaycan Məktəbi Həmrəylik Gününə həsr olunmuş tədbir keçirib

London, 8 dekabr, AZƏRTAC

Britaniya Avropa Azərbaycan Məktəbi (BEAS) Londonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş xüsusi tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları Səbinə Rakçayeva və Səbinə Quliyeva bildiriblər ki, əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, milli-mənəvi dəyərlərə hörmət hissini artırmaqdır. Eyni zamanda, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafına, milli musiqi, rəqs və ənənələrin tanıdılmasına xüsusi önəm verildiyi qeyd olunub. Uşaqlar tədbir çərçivəsində şeirlər səsləndirib, rəqs nömrələri ilə çıxış edib və musiqi parçaları ifa ediblər.

Azərbaycanın Əməkdar artisti, tarzən Rafiq Rüstəmovun çıxışı böyük maraq doğurub və tədbirə xüsusi rəng qatıb. Proqramın bir hissəsi olaraq icma üzvlərindən Aytən Dəmirovska tərəfindən Britaniyada yaşayan azərbaycanlı sənətkarların və yerli icma nümayəndələrinin əl işlərini əhatə edən sənətkarlıq yarmarkası da təşkil edilib. Yarmarkada zərgərlik məmulatları, dekorativ-tətbiqi sənət nümunələri, keramika işləri, kitablar və müxtəlif əl işləri nümayiş olunub və satışa təqdim edilib. Londonda yaşayan azərbaycanlılar tədbirdə fəal iştirak edərək layihənin həyata keçirilməsinə dəstək göstəriblər. Onların iştirakı həm birlik və həmrəyliyin nümayişi, həm də diaspora icmasının mədəni təşəbbüslərə verdiyi dəyərin göstəricisi olub.

Tədbir yüksək səviyyədə təşkil olunub və iştirakçılarda xoş təəssürat yaradıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
60
azertag.az

1Mənbələr