Son günlər siyasi gündəmi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin adı ilə bağlı olan gizli əməkdaşlıq iddiaları zəbt edib. Hər iki şəxs barəsində seçilən qətimkan tədbirləri məsələnin ciddiliyini artırıb və həm siyasi, həm də hüquqi nəticələr barədə suallar doğurub.
Xüsusilə diqqət çəkən məqam isə Əli Kərimlinin partiya rəhbəri kimi partiyanı etibarnaməsiz təmsil etməsi və bunun AXCP-nin hüquqi gələcəyinə hansı təsir göstərə biləcəyidir.
Bəs Əli Kərimli haqda hansı qərar verilə bilər?
Məsələ ilə bağlı NOCOMMENT.az-a AĞ Partiya sədri Tural Abbaslı danışıb.

O bildirib ki, bu məsələ ilə bağlı hansısa qərarın veriləcəyini indidən demək düzgün olmaz:
“Bunun üçün mütləq məhkəmə araşdırması aparılmalı, istintaq öz işini görməli və toplanmış materiallar məhkəmədə dəyərləndirilməlidir. Hər kəs kimi, o da məhkəmədə özünü müdafiə etməlidir. Bütün bu proseslər tamamlandıqdan sonra qərar verilə bilər. İndidən nəticə haqqında danışmaq nə doğru, nə də etikdir”.
“Əgər ortada ittiham varsa, onun sübut olunması lazımdır. Məhkəmə başlamadan və müdafiə tərəfi öz fikirlərini bildirmədən nəticə haqqında danışmaq tezdir. Nəticə olaraq, həm bəraət ala, həm də həbs oluna bilər. Buna görə hazırda nəsə demək üçün çox tezdir”, – ekspert yekunlaşdırıb.
Tunar