“Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı İdman Akademiyasında tələbə və müəllim heyətinə təqdim olunub.
QHT.az xəbər verir ki, bu gün Azərbaycan İdman Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirlər çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) nəşr olunan yeni kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının müəllifi, İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev bildirib ki, əsərdə Azərbaycan dövlətçiliyinin strateji inkişaf yolu, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və geosiyasi prosesləri geniş elmi araşdırma əsasında oxuculara çatdırılır. Həmçinin, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə və sülh siyasətinə dair konseptual yanaşmaları, ölkənin milli maraqlarını qorumağa yönəlmiş siyasi qərarlar, habelə milli təhlükəsizlik strategiyasının əsas istiqamətləri əhatəli şəkildə təhlil olunur.
Nəşr ölkənin suverenlik yolu ilə bağlı aparılan tədqiqatların geniş auditoriyaya çatdırılması baxımından mühüm addım kimi dəyərləndirilib.
Tədbirdə 28 nəfər tələbə və müəllim heyəti iştirak edib.