Bəzən insanlar Quranla fala baxırlar, insanın gələcəyini deyirlər.
Quran gələcəyi göstərə bilərmi?
İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, Quran oxumaq və əməl etmək üçün nazil olub. Peyğəmbər zamanında da Quran indiki kimi kitab halında olmayıb:
"Bir qədər sonra böyük dərilərə yazılıb və nüsxələri müxtəlif bölgələrə göndərilib. Quranı fal kitabı kimi istifadə etmək ən böyük günahlardandır. Quranı oxuyan hər kəs görür ki, orada yalnız ilahi hökmlər, ümumi qaydalar, günahlar, savablar, nəsihətlər, ibrətli və hikmətli sözlər qərar tapıb. Belə olduğu halda bu kitabı açıb oradan insanların falına baxmaq yalnız dələduzların bəzi avam adamları aldatmaq üçün psixoloji təsir elementidir. Tutaq ki, falçı yanına gələn adam yəhudi olsa falçı Quran əvəzinə Tövratı, xristian olsa İncili qarşısına qoya bilər ki, ona təsir edə bilsin. Halbuki, o kitablar fal kitabı deyil. Quranın batini təfsiri deyilən bir anlayış var ki, o da təfsirçilərə, alimlərə, ariflərə aiddir. Falçı, şarlatanlar o təfsirin birdə cümləsindən də xəbərləri yoxdur. Quran sirli kitabdır. Hələ onun 20 faizi açılmayıb. Açılan hissələrdən də insanların 20 faizinin ancaq xəbəri var. Bu ecaza, inama görə adamları daha rahat aldatmaq, inandırmaq üçün falçılar Qurana baxıb, nəsə deyirlər. Halbuki, o sözlər şeytan və ya cin tərəfindən onlara təlqin olunur. Ariflər, təsəvvüf bilginləri kəramət sayəsində müəyyən bilgilərə vaqif ola bilir. Amma onlar da fala baxıb, adamlara talelərini oxumurlar. Quranda dəfələrlə qeyd olunur ki, bu kitab oxuyub ibrət almaq, əməl etmək üçündür. Odur ki, Quranla fala baxmaq doğru deyil".
Sevinc