AZ

Siyasi müstəqilliyi bərpa etmək istəyən dövlət dini nəzarətə götürür, Ermənistanda buna ehtiyac var idi

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-dakı şəxsi səhifəsində Ermənistan Apostol Kilsələrində liturgiyalardan əvvəl dövlət himninin səsləndirilməsi təklifinin səbəbini izah etməyə çalışıb. Baş nazirin sözlərinə görə, kilsələrdə istər girişdə, istərsə də içəridə erməni dövlət bayrağının olması məsələsi də müzakirə mövzusu olmalıdır ki, bu da bir sıra ölkələrdə qəbul olunmuş təcrübədir. Xatırladaq ki, Paşinyan ötən gün belə yazmışdı: "301-ci ildə Erməni Apostol Kilsəsi dövlət tərəfindən, dövlət qərarı ilə yaradılıb. Məncə, bazar günü liturgiyalardan əvvəl səhər saat 10:55-də bütün kilsələrdə xor kollektivlərinin Ermənistan Respublikasının dövlət himnini oxuması məqsədəuyğun olardı".

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində biz bəşəriyyət tarixinə baxanda müxtəlif dünya modellərini görürük: “Ümumiyyətlə, dinə yanaşma müxtəlifdir. Bəzi ölkələr dindən öz məqsədləri üçün istifadə edirlər, bəzi ölkələr dini prosesləri birbaşa idarə etməyə çalışırlar. Hazırda Azərbaycanda olan model uyğun modellərdən biridir ki, bu gün dövlətlə din ümummilli məsələlərdə bir marağa xidmət edir. Yəni dövlət çalışmalıdır ki, onun siyasətində din dövlətin yanında olsun və onun yardımçısı olsun”.

Ceyhun Məmmədov

“Hansı ölkədəki din dövlətlə bir yerdədir, dövlətin maraqlarına xidmət edir, orada proseslər də dövlətin maraqlarına uyğun gedir. Hansı ölkədəki din müstəqil hərəkət edir və dövlətin işinə müdaxilə edir, orada biz müəyyən problemlərin baş verdiyini müşahidə edirik. Azərbaycanda bu gün dövlət olmasa, din də olmayacaq. Dövlət dinin hamisi, din də dövlətin hamisidir.

Ermənistanda uzun illər bu situasiya fərqlidir. Yəni din dövlətin işinə ciddi formada müdaxilə edir və dövlətin siyasətinə mane olur. Bu gün biz fərqli bir Ermənistan görürük. Dövlət dini prosesləri də nəzarətə götürür. Ermənistanda buna böyük ehtiyac var. Bu, bizim də maraqlarımıza xidmət edən bir məsələdir. Atılan addımlar, Ermənistanın da siyasətinin müstəqilliyinə xidmət edən addımlardır”-deyə deputat qeyd edib.

Ceyhun Məmmədov bildirib ki, himn hər bir dövlətin dövlət atributudur və onun istənilən yerdə səsləndirilməsi normaldır, normal da qarşılanmalıdır. Deputat qeyd edib ki, bu gün Azərbaycanda da məscidlərimizdə, dini qurumlarımızda və onların tədbirlərində dövlət himni səsləndirilir: “Bu, normaldır və belə də olmalıdır. Yəni din dövlətə və dövlətin marağına xidmət etməlidir. Din dövlətin öz siyasətini həyata keçirməsinə mane olmalı deyil, əksinə dəstək olmalıdır. Bu mənada bu addımı biz yüksək qiymətləndirməli və bu addımın bu formada inkişafını nəzərdən keçməliyik. Din-dövlət əməkdaşlığı uğurlu bir model, uğurlu bir yanaşmadır. Bunun həyata keçməsinə və bunun daha geniş vüsət almasına ehtiyac var”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
icma.az

1Mənbələr