AZ

Yunanıstan və Türkiyə arasındakı gərginlik siyasi proseslərə görə artır azalır, amma müharibəyə çevrilmir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tramp administrasiyasının Yunanıstan və Türkiyə arasında həm ikitərəfli münasibətlərdə, həm də regional çərçivədə vasitəçi kimi çıxış etmək niyyəti ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak tərəfindən Kathimerini ilə müsahibəsində açıq şəkildə təkrarlandı. Barakın sözləri əlavə əhəmiyyət kəsb edir, çünki o, təkcə Ankaradakı səfir və Donald Trampın şəxsi dostu deyil, həm də ABŞ prezidentinin Suriya üzrə xüsusi elçisidir. Buna görə də o, daha geniş regional perspektiv üzərində işləyir.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yunanıstan-Türkiyə münasibətləri birmənalı və hamar deyil: Buna həm tarixi konsept kontekstdə, eyni zamanda müasir dövrlə dəyərləndirdiyimizdə də tarixən bu iki toplum arasında daim gərginliklər olub, rəqabət olub, savaşlar olub. Hazırda Yunanıstanda hakimiyyətdə olan qüvvələr də məhz bu revanş duyğuları ilə yaşayırlar.

Oqtay Qasımov

Politoloqun fikrincə, digər tərəfdən gərginliyin əsas səbəbi 1923-cü il Lozan anlaşması, ardınca İkinci Dünya savaşından sonra Paris anlaşmasına görə Yunanıstan Egey dənizində olan və Türkiyə sərhədlərinin çox yaxınlığında yerləşmiş 12 adanı silahsızlandırma, öhdəliyindən yayınmaqdadır və bu adaları silahlandırır.

“Bir neçə gün öncə Yunanıstan müdafiə nazirinin açıqlamasında da qeyd olunurdu ki, onlar bu adalarda raket sistemləri yerləşdirmək niyyətindədirlər. Bu da Türkiyənin təhlükəsi üçün birbaşa təhdid deməkdir. Nəzərə alsaq ki, Yunanıstan son illər özünün hava qüvvələrini ciddi şəkildə gücləndirib və Amerika Birləşmiş Ştatlarının F16-larla bərabər F35-lər də alıb. Bundan başqa, Yunanıstan ərazisində Amerika Birləşmiş Ştatlarının doqquz hərbi bazası yerləşməkdədir. Bu da Yunanıstanda bəzi “qaynarbaşlarda” Türkiyə üzərində qələbəyə və savaşa girməklə bağlı bir müəyyən həvəs yaradır”-deyən politoloq qeyd edib ki, son dövrlər bu gərginlik Amerika Birləşmiş Ştatları tərəfindən də diqqətlə izlənir. Oqtay Qasımov vurğulayıb ki, ABŞ səfirinin açıqlaması və Trampın iki tərəf arasında vasitəçilik etməklə bağlı niyyəti müsbət qarşılana bilər.

“Baxmayaraq ki, iki ölkə NATO üzvüdür, amma eyni zamanda həm də düşmən mövqedədirlər. Donald Tramp əslində, bu münaqişəni də yatırmaq üçün müəyyən addımlar ata bilər. Amma bu məsələnin fundamental həlli olmayacaq. Çünki məsələnin fundamental həlli üçün hökmən Yunanıstan qeyd etdiyimiz 12 adadan hərbi qüvvələrini çəkməli və Türkiyə üçün hansısa bir təhlükəsizlik təhdidi yaratmamalıdır.

Yunanıstanın baş nazirinin, o cümlədən xarici işlər və müdafiə nazirlərinin açıqlamasına baxdığımız zaman məlum olur ki, onlar heç də Türkiyə ilə konstruktiv münasibətlər qurmaq niyyətində olduqlarını göstərmirlər. Yəni bu baxımdan gərginlik yüksələcək, sonra azalacaq. Amma yaxın perspektivdə iki tərəfin birbaşa savaşa girməkləri ilə bağlı elə bir real gözlənti yoxdur. Belə bir risk mövcud deyil”-deyə Oqtay Qasımov bildirib.

Oqtay Qasımov qeyd edib ki, sadəcə olaraq son dövrlər Yunanıstanın İsraillə münasibətlərinin ciddi şəkildə güclənməsi və İsrail tərəfindən müəyyən qədər təxribata çəkilməsi meylləri də var: “Yunanıstan həm İsrail, o cümlədən Cənubi Kipr Rum İdarəsinin İsraillə olan hərbi texniki və hərbi sahədə əməkdaşlığı müəyyən qədər Yunanıstanı da cəsarətləndirib. İsrail də Yaxın Orta Şərqdə özünün ən böyük rəqibi olan Türkiyəni nəzarətdə saxlamaq üçün Yunanıstandan və yunanlardan istifadə etməyə cəhd edir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
bizimyol.info

1Mənbələr