Bakı, 8 dekabr, AZƏRTAC
Böyük Britaniyada “superqrip” epidemiyasının yayılması qeydə alınıb. Bütün Britaniya üzrə məktəb direktorları xəstəlik sayının sürətlə yüksəlməsinin narahatlıq doğurduğunu bildirirlər. Əməkdaşların sözlərinə görə, vəziyyət COVID dövrünə qayıdışı xatırladır.
AZƏRTAC Britaniyanın “Daily Mail”ə istinadla xəbər verir ki, Londonda xəstəxanaya yerləşdirilənlərin sayı üç dəfə artıb, əhaliyə maskalardan istifadə etmək tövsiyə olunub.
Ən çox zərər görən təhsil müəssisələrindən biri Cənubi Uelsdə, Kayrfilli şəhərində yerləşən Müqəddəs Martin məktəbidir. Burada 250-dən çox şagird və əməkdaş xəstələndikdən sonra məktəb tam şəkildə karantinə bağlanıb.
Orta məktəbin direktoru Li Carvis valideynləri və qəyyumları qripəbənzər bu xəstəliyin əhəmiyyətli dərəcədə yayılması barədə məlumatlandıraraq müvəqqəti fasiləyə ehtiyac olduğunu bildirib.
Qeyd olunur ki, xəstəliyin simptomları qusma, ishal, yüksək temperatur, öskürək, baş ağrıları, halsızlıq və ümumi qripəbənzər əlamətlər daxildir. Orta sağalma müddəti yeddi gün təşkil edir.